AZ

Türk Hava Yolları ilin üçüncü rübündə 20 milyondan çox sərnişin daşıyıb

Bakı, TurkicWorld

Türk Hava Yolları (THY) 2023-cü ilin üçüncü rübündə keçən ilin eyni dövrünə nisbətən sərnişin tutumunu 5,4 faiz artıraraq, 24,5 milyon sərnişin daşıyıb.

TurkicWorld xəbər verir ki, bu barədə THY şirkəti açıqlama verib.

İyul-sentyabr dövründə THY-nin ümumi gəliri keçən ilin yüksək bazasına rəğmən 4,9 faiz artaraq 6,6 milyard dollara yüksəlib.

Ümumi gəlirin 84 faizini təşkil edən sərnişin gəlirləri, xüsusilə Uzaq Şərq bölgəsindən gələn güclü dəstəklə 5,6 milyard dollara çatıb.

Yük gəlirləri isə ötən ilin eyni dövrünə nisbətən 47 faiz artış göstərərək 911 milyon dollar təşkil edib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) sentyabr ayı məlumatlarına görə, Turkish Cargo üçüncü rübdə daşıdığı yüklərin həcmini 16,8 faiz artıraraq 5,7 faiz bazar payına sahib olub və dünyanın üçüncü ən böyük hava yükdaşıyıcısı mövqeyinə yüksəlib.

Türk Hava Yolları (THY), 2023-cü ilin üçüncü rübündə sərnişin və yük daşımalarından təxminən 4,9 milyard dollar ixrac gəliri əldə edərək, ilin ilk doqquz ayında ölkəyə 12,9 milyard dollar ixrac gəliri gətirib.

THY-nin ümumi aktivləri 2002-ci ildən bu yana 18 dəfə artaraq təxminən 40 milyard dollara çatıb və bu da şirkəti Türkiyə iqtisadiyyatı üçün əhəmiyyətli bir dəyər mənbəyinə çevirib.

Üçüncü rübdə rəqabət təzyiqləri, mühərrik problemləri və qlobal inflyasiyanın xərclərə mənfi təsirləri səbəbindən əməliyyat mənfəəti 1,3 milyard dollar olub. THY-nin əməliyyat pul axınını göstərən EBITDA isə 2,3 milyard dollar təşkil edib və EBITDA marjası 35,2 faiz ilə həm tarixi orta göstəricidən, həm də sektor üzrə rəqiblərindən yüksək olub.

2033-cü ilə qədər təyyarə sayını 800-ə çatdırmağı hədəfləyən THY, 2023-cü ilin ilk doqquz ayında təyyarə sayını yüzdə 9 artıraraq 467-ə çatdırıb.

Qeyd edək ki, aviasiya sənayesində hər sahədə uğurları ilə tanınan THY, qabaqcıl maliyyə əməliyyatları ilə də fərqlənib və Airline Economics tərəfindən üç ayrı maliyyə mükafatına layiq görülüb.

Seçilən
27
turkic.world

1Mənbələr