AZ

Xəzərin dalğaları da işıq saçacaq

Bu məqsədlə ölkəmizdə dalğa-enerji qurğusu hazırlanıb

Son illər iqlim dəyişiklikləri dünyanı ən çox narahat edən problemlərdən biri kimi aktuallığını getdikcə artırır. İqlim dəyişikliklərinin başlıca səbəbi isə atmosferə atılan istixana qazlarının normadan çox olması ilə bağlıdır. Bu səbəbədən də dünya ölkələri və beynəlxalq iqlim təşkilatları qlobal istiləşmənin fəsadlarının aradan qaldırılması üçün müxtəlif proqramlar qəbul edir. Təbii resursların tükənməsi, istilik effekti yaradan qazların emissiyalarının artmasının qarşısının alınması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.

Dünya ölkələri qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin aradan qaldırılması üçün ənənəvi enerji növlərindən tədricən imtina edərək alternativ və bərpaolunan enerjiyə keçid mərhələsinə qədəm qoyub. Bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində günəş, külək və geotermal elektrik stansiyaları inşa olunur. Son illər aparılmış çoxsaylı elmi araşdırmalar və tədqiqatlar isə sübut edib ki, planetimizin su mənbələri, xüsusən də dəniz və okeanlar da yüksək enerji potensialına malikdir və bu zənginlikdən istifadə etmək üçün böyük imkanlar var. Dəniz və okeanların enerjisi isə özünü dalğalarda təzahür etdirir.

Artıq uzun illərdir ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin müxtəlif şirkət və təşkilatları tərəfindən dəniz və okean dalğalarının enerjisindən istifadə sahəsi üzrə elmi və təcrübi araşdırmalar aparılır. Onu da qeyd edək ki, dalğa energetikası sahəsi dünyada müasir inkişaf konsepsiyası olan dayanıqlı inkişafın bir hissəsi kimi qəbul edilir. Bununla belə, hələlik dalğa energetikasından istifadə digər bərpaolunan enerji sahələri ilə müqayisədə bir qədər zəif inkişaf etdirilib. Bu da dəniz və okeanların təbii şəraitinin daha sərt olması, texniki-iqtisadi cəhətdən səmərəli, dayanıqlı qurğu hazırlanmasının mürəkkəbliyi ilə bağlıdır.

Özünün təbii resursları və karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər dənizinin də dalğa potensialı yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycan yaxın illərdə dəniz dalğasından da elektrik enerjisi əldə edə bilər. Artıq ölkəmizdə bu sahədə ilkin uğurlu addımlar atılıb. Azərbaycanlı gənclər– texnika üzrə fəlsəfə doktoru, ixtiraçı alim Əlisgəndər Salamov, layihə rəhbəri Ruslan Qədirov və gənc mühəndis Əbülfəz Məhərrəmovun ərsəyə gətirdikləri turbin tipli dalğa energetik qurğusu hazırda dəniz şəraitində uğurla sınaqdan keçirilir.

Xatırladaq ki, yerli startap şirkəti olan “Caspian Technologies and İnnovations” MMC tərəfindən innovativ qurğu kimi layihələndirilən qurğu “İdrak Texnoloji Transfer” MMC-nin maliyyə və texniki dəstəyi ilə hazırlanıb. “Bahar Enerji Əməliyyat Şirkəti” Ltd isə qurğunun dənizdə sınaqdan keçirilməsi üçün hərtərəfli texniki və təşkilati dəstək göstərib. Hazırda təbii şəraitdə quraşdırılan dalğa energetik qurğusunun prototipinin test-sınaq mərhələsi üzrə texniki-iqtisadi səmərəliliyin artırılması istiqamətində işlər aparılır.

Qurğunun iş prinsipi ilə yaxından tanış olmaq, eləcə də bu layihəni ərsəyə gətirən gənc mütəxəssislərlə həmsöhbət olmaq məqsədilə sınaq-test mərhələsinin aparıldığı əraziyə baş çəkdik. “Bahar Enerji” şirkətinin istehsalat sahəsindəki estakadaya bərkidilmiş qurğu ilk baxışdan olduqca sadə və primitiv görünsə də, onun iş prinsipi, ölkəmizdə “yaşıl” enerji istehsalına verə biləcəyi faydalar heyranlıq doğurur.

Ruslan QƏDİROV, layihə rəhbəri: – Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, dalğa energetik qurğuları vasitəsilə dəniz və okean dalğalarının kinetik enerjisini elektrik enerjisinə çevirmək mümkündür. Bununla da, enerji istehsalı zamanı heç bir ənənəvi enerji mənbələrindən (neft, qaz və s.) istifadə edilmir və atmosferə zərərli istixana qazlarının tullantıları atılmır. Bununla bağlı mütəxəssis qrupu olaraq 3-4 il əvvəl nəzəri biliklərimizi praktikada tətbiq etmək qərarına gəldik. Gördüyünüz kimi, hazırda layihə üzrə qurğunun sınaq testlərini aparırıq. Nəzərdə tutmuşuq ku, bu qurğunun optimallaşdırılma işlərindən sonra onu texniki-iqtisadi cəhətdən səmərəli bir səviyyəyə gətirək ki, həm yerli, həm də xarici investorlar üçün cəlbedici olsun. Gələcəkdə bunun geniş tətbiqi üçün səylərimizi artırırıq. Fürsətdən istifad edib layihənin ərsəyə gəlməsində maliyyə və texniki dəstəyini əsirgəməyən “İdrak Texnoloji Transfer” MMC-nin, eləcə qurğunun dənizdə yerləşdirilməsi üçün bizə hərtərəfli imkan yaradan “Bahar Enerji Əməliyyat Şirkəti” Ltd-nin rəhbərliklərinə dərin təşəkkürümüzü bildiririk.

Əlisgəndər SALAMOV, ixtiraçı: – Dalğa enerjisi bərpaolunan enerji növü kimi ekoloji cəhətdən təmizdir. 2018-ci ildən başlayaraq bu sahədə müəyyən tədqiqat işləri aparmağa başladıq. Dəniz dalğasından elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulmuş qurğuların üstün və çatışmayan cəhətlərini araşdırdıq. Nəticədə, layihə üzərində birgə çalışdığım dostlarımla yeni, innovativ quruluşlu dalğa enerjisi qurğusunu hazırlamağa nail olduq. Qeyd edim ki, qurğu Xəzər dənizi şəraitində işləmək üçün nəzərdə tutulub. Məlum olduğu kimi, Xəzərin dalğa potensialı digər dəniz və okeanlara nisbətən zəifdir. Buna görə də biz daha həssas, zəif dalğalarda belə, elektrik enerjisini generasiya etmək imkanına malik qurğu hazırlamağı qərara aldıq. Bu tip qurğuların okeanlarda və dənizdə tətbiq olunması ətraf mühitə və ya flora və faunaya heç bir mənfi təsir göstərmir. Düşünürük ki, hazırladığımız qurğu Xəzər dənizi şəraitində özünü tam doğrultsa, müsbət nəticələr versə, deməli, ondan dünyanın digər dəniz və okeanlarında da uğurla istifadə etmək olar.

Hazırda qurğu üzərində müəyyən sınaq-müşahidə və təkmilləşdirmə işləri aparırıq. Təbii və laboratoriya şəraitində apardığımız müşahidələri, sınaqları, eləcə də əvvəlki təcrübələrimizi ümumiləşdirib yekun nəticəyə gəlirik. Yeri gəlmişkən, turbin tipli dalğa energetik qurğusunun laborator sınaqlarında faydalı iş əmsalı 26-30 faizə qədər müəyyən edilib. Prototip tipli bu qurğu neft-qaz platformalarında və estakadalarda istismar üçün nəzərdə tutulub. Onun istehsal etdiyi elektrik enerji, əsasən, ərazinin işıqlandırılmasında istifadə olunur. Hazırda qurğunun sahilyanı ərazidə quraşdırıla biləcək, həmçinin üzən versiyaları üzərində də müəyyən işlər görürük. Bununla yanaşı, hazırladığımız qurğunun tam fərqli dizaynda və fərqli iş prinsipinə əsaslanan analoqu üzərində də çalışırıq. Həmin qurğunun qabaritinə, metal tutumuna, gücünə və digər texniki parametrlərinə görə 10-15 faiz daha səmərəli olacağı qənaətindəyik. Qurğunun texniki baxımdan kifayət qədər sadə olması, hazırlama texnologiyasının ucuz və asan başa gəlməsi onun gələcək perspektivlərindən xəbər verir. Ümid edirik ki, dalğa enerjisi ilə bağlı elmi-tədqiqat işlərimiz, bu prototip qurğu üzərində apardığımız işlər müsbət nəticələr verəcək.

Layihənin elektrik və elektronika işlərini icra edən Əbülfəz MƏHHƏRƏMOV isə dalğa-enerji qurğusunun iş prinsipi haqqında məlumat verdi:

– Qurğu dəniz dalğasının potensial enerjisini mexaniki enerjiyə çevirir. Burada quraşdırılmış generatorun köməyilə elektrik enerjisi alınır. Sonra həmin enerji kabellər vasitəsilə kontroller və invertor sistemlərinə ötürülür. İndiki prosesdə hasil olunan enerji kontroller vasitəsilə akkumulyatora toplanılır. Daha sonra isə akkumulyatorın köməyilə dəyişən cərəyana, 220 volta çevrilərək müəyyən işlədicilərdə test etmək üçün istifadə olunur. Gələcəkdə isə qurğunun daha təkmil versiyası hazılananda hasil olunan enerji generatordan invertor vasitəsilə birbaşa şəbəkəyə ötürüləcək...

Xatırladaq ki, bir neçə gündən sonra ölkəmizdə dünyanın ən vacib tədbirlərindən hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyası (COP29) öz işinə başlayacaq. Dünya dövlətlərinin iqlim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizədə səfərbər olunduğu hazırkı şəraitdə gənc alimlərimizin və ixtiraçılarımızın apardıqları elmi-tədqiqat işləri və unikal layihələri də qlobal əhəmiyyətli məsələyə əsl töhfə kimi dəyərləndirlə bilər. Eyni zamanda, ekoloji cəhətdən təmiz enerji istehsalı üçün nəzərdə tutulmuş innovativ qurğuların hazırlanmasını və bu sahədə sınaqların aparılmasını Azərbaycan elminin uğuru kimi qiymətləndirmək olar.

(fotolar Cavid Qaçayevindir)

Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
34
xalqqazeti.az

1Mənbələr