Qızılın orta qiyməti 2024-cü ilin əvvəlindən oktyabr ayına kimi 750 dollara yaxın bahalaşıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə qiymətləri hesabatında bildirilib. Belə ki, 2023-cü il üzrə qızılın bir troya unsiyasının orta qiyməti 1943 dollar olduğu halda, bu ilin oktyabr ayında bu rəqəm 2690 dollara yüksəlib. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə qızıl dünya bazarında 38,4% bahalaşıb.
Dünya Bankının məlumatına görə, qızılın rüblük orta qiyməti yanvar-mart aylarında 2072 dollar, aprel-iyun aylarında 2336 dollar, iyul-sentyabr aylarında isə 2480 təşkil edib. Təkcə avqust ayı üzrə bu rəqəm 2470 dollar, sentyabr ayı üzrə isə 2571 dollara bərabər olub.
Qeyd edək ki, dünyada baş verən geosiyasi gərginliklər və birjalardakı qeyri-müəyyənlik fonunda mərkəzi banklar və suveren fondlar qızıl alışını artırır. Azərbaycan Dövlət Neft Fondu da bu il qızıl alışını artırıb. Tələbin yüksəlməsi isə qiymətlərin daha da artmasına təsir edib.