AZ

İstiləşmə su qıtlığını kəskinləşdirib

Alimlər çıxış yolunu nədə görürlər?

Azərbaycan 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşularaq Paris sazişini imzalayıb. Sazişin uzunmüddətli temperatur hədəfi qlobal orta temperaturun artımını əvvəlki səviyyədən–2 dərəcədən xeyli aşağı saxlamaq və 1,5 dərəcə selsiyə qədər məhdudlaşdırmaq olub. Bunun üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının, təxminən, 50 faiz azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub. Coğrafiya elmlər doktoru Nəriman Paşayev bununla bağlı söhbətində dedi:

– Ölkəmizin ərazisinin çox hissəsini yarımsəhra və quru çöl iqlimi əhatə edir. Bu ərazilərdə böyük su çatışmazlığı var. Azərbaycanın 66,4 faizi subtropikdir. Özü də quru subtropik iqlimdir. Qalan 30 faizdən çox hissəsi isə mülayimdir. Ona görə də iqlimdə bu gün baş verən quraqlıq prosesi ölkəmizə çox baha başa gəlir. Kür – Araz, Samur – Dəvəçi, Abşeron – Qobustan ovalıqları, Naxçıvanın Araz çayı boyu düzənliyi iqlim dəyişikliyinə daha çox məruz qalır. Yarımsəhra və quru çöl iqlimində olan bu ərazilərdə böyük su çatışmazlığı var.

Azərbaycan isə Cənubi Qafqazda istər adambaşına düşən içməli, istərsə də suvarma suyuna görə sonuncu yerdədir. Yəni ölkəmiz Ermənistan və Gürcüstandan da az su təminatına malikdir. Bizim ən böyük problemimiz su ehtiyatının, əsasən, Türkiyə və Rusiya hesabına formalaşmasıdır. Ən böyük çaylarımız olan Kür və Araz Türkiyədən, Samur çayı isə Rusiyadan daxil olur. Qlobal istiləşmə ilə əlaqədar Türkiyə su probleminin həlli üçün Kür və Araz çayları üzərində su anbarları tikib və bu, hazırda da davam etdirilir.

– Su qıtlığı tarixən bəlalı məsələ olub. İstiləşmə bu problemi ən yüksək həddə çatdırıb.

– Hidrometeoroloqların üzərinə böyük məsuliyyət düşür. Uzun illər ölkəmizdə Hidrometeorologiya Komitəsi və Hidrometrologiya İnstitutu fəaliyyət göstərib və bu sahədə böyük işlər görülüb. Lakin dünyanın bir çox ölkəsində iqlim dəyişikliyi ilə məşğul olan institutların açıldığı bir vaxtda onları bağladıq.

Biz faktiki olaraq mövcud su ehtiyatımızdan səmərəli istifadə edə bilmirik. Yağış suları istifadə olunmadan axıb gedir. Bilirsiniz ki, bu il keçən ilə nisbətən çox yağış yağıb, dolu düşüb, sel və daşqınlar olub. Əvvəllər sel üçün axmazlar deyilən xüsusi sahələr yaradılırdı və sel suları ora yönəldilirdi. Bu il sel əmələ gəldi, əraziləri su basdı, amma quraqlığın, su çatışmazlığının olduğunu bilə-bilə ondan düzgün istifadə etmədik.

Yeraltı və mineral sulardan səmərəli yararlanmaq əvəzinə, onları çirikləndiririk. Bunun üçün, ilk növbədə, su itkisinə qarşı mübarizə gücləndirilməli, köhnə borular yenilənməli, torpaq kanallar beton üzlüyə alınmalıdır. Çünki torpaq kanallarda suyun 20–40 faizi itkiyə gedir.

Bundan başqa, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılıq azaldılmalı, o cümlədən daxili çaylar üzərində su anbarları tikilməli, suya qənaətedici suvarma texnikası və texnologiyaları tətbiq edilməli, suvarma suyundan səmərəli istifadə mexanizmi hazırlanmalıdır. Sel və daşqın sularından səmərəli istifadə etmək üçün müasir tələblərə cavab verən axmazlar, yeni su anbarları yaradılmalıdır. Bunlar yayda Kür və Araz çaylarında suyun azalmasını müəyyən dərəcədə kompensasiya edə bilər.

– Ətraf mühiti çirklənmədən xilas etməyin əsas yollarından biri tullantısız texnologiyaya keçilməsidir.

– Ətraf mühiti qorumağın əsas yolu tullantısız texnologiyaya keçməkdir. Bu gün ölkədə cəmi bir tullantı emalı müəssisi –Balaxanıdakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu fəaliyyət göstərir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müəssisə istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur. Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Bir zavod isə ölkəmiz üçün çox azdır. Çünki hər yerdə tullantı nəzərə çarpır. Biz insanlara aşılamalıyıq ki, ətraf mühitdə heç bir tulantı yoxdur və bunların hamısı xammaldır. Elə şeylər var ki, onları xaricdən alırıq. Məsələn, ölkəmizdə tulantılardan kağız və plastik qabların istehsalında istifadə oluna bilər. Bunun üçün regionlarda da müəssisələr açmaqla həm yeni iş yerləri yaradılar, həm də ətraf mühit qorunar. Təəssüf ki, tullantıların çox hissəsini emala yönəltmək əvəzinə, ya yandırır, ya da çaylarımıza atıb onu çirkləndiririk.

– İqlim dəyişikliyinə ən çox məruz qalaq torpaqdır. Qlobal quraqlıq birbaşa Yer səthinə təsir göstərir, onu deqredasiyaya uğradır.

– Bəli, iqlim dəyişikliyi qlobal quraqlığa birbaşa təsir göstərir, torpağı deqredasiyaya uğradır və münbitliyini zəiflədir, məhsuldarlığını aşağı salır. Üstəlik, bizim torpaqların 50 faizdən çoxu boz torpaqlardır, əkinə yararsızdır. Onu yararlı vəziyyətə gətirmək üçün sovet dövründə vəsait ayrılır, şoranlıqlar təmizlənir, yuyularaq münbit hala gətirilirdi. Bu gün həmin torpaqlar ayrı-ayrı şəxsi təsərrüfatlara verilib və əksəriyyəti isə kiçik təsərrüfatlardır. Fermerlər isə bu problemin öhtəsindən gələ bilmirlər. Amma iri təsərrüfatlarda vəziyyət fərqlidir. Aqroparklarda hər hektardan 50, hətta 60 sentner taxıl yığılır. Kiçik təsərrüfatlarda isə bu göstərici maksimum 25–30 sentner arasında dəyişir.

Sahələrə düzgün aqrotexniki qulluq, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və suvarmada müasir metodlardan istifadə və digər amillər məsuldarlığa təsir edir. Bunlar bütün resursların bir əldə cəmlənməsi sayəsində mümkün olur. Kiçik təsərrüfatlar bu imkana sahib deyil. İqlim dəyişikliyi ilə mübarizədə iri təsərrüfatlar daha səmərəlidir.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
33
xalqqazeti.az

1Mənbələr