Məlum olduğu kimi, bu gün ABŞ-də 60-cı ümumi seçkilər keçirilir. Ağ Ev uğrunda mübarizədə sabiq prezident Donald Tramp və Ohayonun senatoru Ceyms Devid Venslə, vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals rəqabət aparır.
Qeyd edək ki, indiyədək ölkə üzrə 75 milyondan çox insan vaxtından əvvəl səs verib. 2020-ci il seçkilərində bütün səslərin hesablanması 4 gün vaxt aparmışdı. Buna görə, bu seçki nəticələrinin də səsvermə bitdikdən və səslərin hesablanmasına başlandıqdan 3-4 gün sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hər bir ştatda seçki qutuları bağlandıqdan sonra səslər hesablanacaq.
Xatırladaq ki, dünyanın bir çox sistemlərindən fərqli olaraq, ABŞ-da xalq səsverməsində ən yüksək səs toplayan namizəd prezident seçilmiş hesab edilmir. Başqa sözlə, ABŞ-da xalq prezidenti birbaşa deyil, dolayı yolla seçir. Seçki qutusuna gedən seçicilər qeydiyyatda olduqları əyalətin Seçicilər Kollegiyasına göndərəcəkləri nümayəndələri, nümayəndələr isə prezidenti və vitse-prezidenti seçirlər. İki ştat istisna olmaqla, bütün ştatlarda seçkidə qalib gələn namizəd bütün nümayəndələri də qazanır. Men və Nebraska ştatlarında ştatın nümayəndələri namizədlərin aldıqları səs faizinə görə bölünür.
Hər bir ştatda əhalinin sayına görə müəyyən sayda seçki kollegiyasının səsləri var. Ümumilikdə 538 səsin 270 və daha çoxunu toplayan namizəd qalib gəlir. Seçici Kollegiyasında ən çox nümayəndənin olduğu ilk altı ştat 55 yerlə Kaliforniya, 38 yerlə Texas, 29 yerlə Nyu-York və Florida, 20 yerlə İllinoys və Pensilvaniyadır.
Nəticələr müəyyənləşdikdən sonra bu nümayəndələr dekabrın ortalarında öz səslərini verməyə başlayırlar. Sonra ABŞ Konqresi bu səsləri hesablamaq və prezidenti rəsmən elan etmək üçün yanvarın əvvəlində toplanır. Qeyd edək k, bu sessiyaya hazırkı vitse-prezident sədrlik edir.
“AzPolitika.info”