AZ

Messi yalnız bu gün ilə yaşayır - “Mən indi 2026-cı ildə keçiriləcək mundialda oynamağı düşünmürəm”

Lionel Messi bugünü və gələcəyi haqda danışıb. Ulduz futbolçu çoxlarını düşündürən bir sıra sualları cavablayıb.

Argentina yığmasının və “İnter Mayami”nin kapitanı ESPN-ə müsahibəsində MLS-ə necə uyğunlaşmasına aydınlıq gətirib:

“Mayamidə olduğum ilk günlərdən özümü rahat hiss etmişəm. Yeni kluba keçidimi və yaş amilini nəzərə alaraq oyun üslubumu dəyişmişəm. Mənim üçün yeni olan mühitə tədricən uyğunlaşmışam”.

37 yaşlı hücumçu DÇ-2026-da iştirak edib-etməyəcəyi haqda da danışıb: 

“Bir çoxları məndən bu barədə soruşur, xüsusilə də Argentinada. Ümid edirəm ki, bu ili yaxşı başa vurub gələn ilə yaxşı başlayacağam. Sonrakı dövrdə işlərimin necə getdiyini və özümü necə hiss etdiyimi görəcəyəm. Belə deyim, növbəti dünya çempionatına həm çox vaxt qalmayıb, həm də çox vaxt qalıb. Çünki futbolda hər şey ola bilər. Mən indi 2026-cı ildə keçiriləcək mundialda oynamağı düşünmürəm, sadəcə, bu günümü yaşayıram. Başqa heç nə haqda fikirləşmirəm”.

Qeyd edək ki, Messi 2022-ci ildə milli komanda ilə dünya çempionu olub. O, ötən ilin yayından formasını geydiyi “İnter Mayami”də bu mövsüm 20 oyun keçirib, 20 qol vurub və 11 məhsuldar ötürmə verib. Ulduz futbolçu karyerasını başa vurandan sonra məşqçilik etmək istəmədiyini də deyib: 

“Karyeramı bitirəndən sonra nə etmək istədiyimi bilmirəm. Məşqçi olmaq istəmirəm, amma hələ hər şey aydın deyil. Mən bu gün ilə yaşamağı sevənlərdən biriyəm. Ona görə də indi yalnız oyunlar, məşq və meydanda əylənmək haqqında düşünürəm”.

Qeyd edək ki, Lionelin ABŞ klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdi. Bir müddət əvvəl onun karyerasını dogma klubu “Nyuellz Old Boyz”da başa vurmaq istədiyi haqda xəbər yayılmışdı.
Seçilən
23
football-plus.az

1Mənbələr