AZ

QMİ sədri: Mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə əməl olunması vacibdir

Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər - əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz edilməsi mütərəqqi dünya ictimaiyyətini narahat edir...

Poliqon xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin, o cümlədən, qlobal istiləşmə və digər iqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulması, insanların ilahi qanunlardan, mənəvi-əxlaqi köklərindən ayrı salınmasıdır: “Yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır”.

Onun sözlərinə görə, sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir.

BMT-nin Dayanıqlı İnkişaf Proqramında iqtisadi səmərə, sosial ədalət və ekoloji tarazlığı təmin edən dayanıqlı yaşıl iqtisadiyyat modelindən söhbət açılır, bərpaolunan enerjinin hamı üçün əlçatan olması hədəflənir. Təbii ki, Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir. Zənnimcə, burada ekoloji etika anlayışları gündəmə gətirilməli, Yaradanın neməti və mükəmməl əsəri olan təbiətə yanaşmada mənəvi-əxlaqi məqamlara istinad edilməlidir”, - A.Paşazadə vurğulayıb.

O qeyd edib ki, bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir: “Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək”.

Poliqon.info 

Seçilən
22
1
poliqon.info

2Mənbələr