AZ

ABŞ-nin Cənubi Qafqaz siyasətindəki İKİÜZLÜ YANAŞMA: “Azərbaycanın müstəqilliyi onlara sərf etmir”

“ABŞ-nin bu cür dezinformasiya və təzyiq xarakterli siyasətinin əsas hədəfi Türkiyə və Azərbaycanı yenidən idarə olunan, sözəbaxan vəziyyətə gətirməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, Birləşmiş Ştatların son zamanlar Cənubi Qafqaz regionu və Türkiyə ilə bağlı apardığı siyasəti analiz edib.

Analitikin sözlərinə görə, bu, ABŞ-nin hegemon siyasətinin tərkib hissəsidir.

“Əlbəttə ki, Türkiyə və Azərbaycanın getdikcə daha müstəqil və güclü olmaları ABŞ-nin geosiyasi maraqlarına xidmət etmir. Çünki onlar müstəqil olduqca. artıq öz dövlətlərinin milli təhlükəsizliyini bütün sahələr üzrə önə çəkirlər. ABŞ düşünür ki, onların təqdim etdiyi hər bir plan qeyd-şərtsiz qəbul olunmalıdır və hər bir dövlət ABŞ-nin maraqlarına xidmət etməlidir. Ancaq bu, müəyyən problemlərlə üzləşir, çünki Türkiyə və Azərbaycanın ərazi bir güc mərkəzinin orbitinə girmək fikri yoxdur. Müstəqil siyasi iradə bir dövlətdə mövcuddursa, o dövlət heç kimdən asılı olmaq istəməz. Bu gün Azərbaycan və Türkiyədə baş verən budur. Bu da ABŞ-i qane etmir”, – deyə o bildirib.

Politoloqun fikrincə Birləşmiş Ştatların sözügedən hegemon siyasəti üçün güclü alternativlər mövcuddur:

“Əgər ABŞ özünün bu yanlış siyasətindən imtina etmirsə, onda Azərbaycan və Türkiyə, əlbəttə ki, alternativlərə baş vuracaq. Bu gün ABŞ dünyanı idarə etdiyini hesab edir və bunun davam etməsini istəyir. Lakin reallıqda bu, belə deyil və çox ciddi alternativlər mövcuddur. Rusiyanın Kazan əyalətində keçirilən BRICS təşkilatının sammitində də bu, özünü göstərdi. Ona görə də dünyanın aparıcı dövlətləri bu sammitin üzvlüyünə qoşulur. Əgər ABŞ Azərbaycan və Türkiyəyə qarşı bu geosiyasi maraqlarından əl çəkməsə, onlar da digər dövlətlər kimi eyni addımı atacaq. NATO-nun güclü üzvlərindən olan Türkiyənin BRICS sammitinə yönəlməsi onu göstərir ki, ABŞ-nin hegemonluğu ilə idarə olunan bir dünya yoxdur”.

N. Miri dünyada yeni güc mərkəzlərinin yarandığını da vurğulayıb.

“Dünya getdikcə dəyişir, yeni güc mərkəzləri meydana gəlir. Düşünürəm ki, Türkiyə və Azərbaycan bu güc mərkəzlərindən birinə çevriləcək. Bu da, öz növbəsində, yenə ABŞ-nin siyasi maraqlarına xidmət etməyəcək. İnanıram ki, Türkiyə və Azərbaycan ABŞ-nin bu siyasi gücün də asanlıqla dəf edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

Seçilən
16
yenicag.az

1Mənbələr