Tutanhamonun ölüm maskası Qədim Misirin ən məşhur artefaktlarından biri hesab olunur. Uzun illərdir bu maska üzərində tədqiqatlar aparılır. Bununla belə, britaniyalı misirşünas professor Coan Fletçerin son tədqiqatı maska haqqındakı fərziyələri alt-üst edə bilər. Məsələ burasındadır ki, professor Fletçer və komandası Kral Tutanhamonun ölüm maskası ilə bağlı əvvəllər diqqətdən kənarda qalan bəzi detalları müəyyən edib.
Misir tarixindəki ən simvolik maska uşaqlara və kraliçalara aid idi?
Tutanhamon eramızdan əvvəl 1332-1323-cü illərdə hökmranlıq edib və cəmi 19 yaşında dünyasını dəyişib. Onun maskası 1922-ci ildə Hovard Karter tərəfindən kəşf edilib və hazırda Qahirədə Misir Muzeyində nümayiş etdirilir . Maskanı yenidən nəzərdən keçirən Fletçer ölüm maskasının üzərindəki dəlikli qulaq detalının adi firon maskası ilə müqayisədə olduqca qeyri-adi olduğunu müşahidə edib. Qədim Misir ənənələrinə görə, yalnız uşaqlar və kraliçaların ölüm maskalarında qulaq deşmələri mövcud olub.
Maska Kraliça Nefertitiyə aid idi?
Misirşünas Nikolas Reevesin ehtimalına görə, bu maska əslində Tutanhamunun ögey anası Kraliça Nefertitiyə aiddir. Ölüm maskası təkcə fironlar üçün deyil, həm də mənəvi dünyanın qapısını açmaq və ölülərə hörmət etmək üçün istifadə olunurdu. Bununla belə, maska Tutanhamonun məzarının hazırlanmasındakı tələskənliyi də göstərir. Maskanın üzərindəki qızıl örtük və saxta saqqal ona firon görüntüsü versə də, dəfn zamanı istifadə edilən digər əşyalar dəfn prosesinin tez başa çatmasından xəbər verir.
Tələsik cənazə, yaş boya və tez möhürlənmiş məzar
Professor Fletçer qəbrin divarlarına çəkilmiş motivlərdə quru boyanın izlərinin olduğunu bildirir . Bu izlər dəfnin tələsik aparıldığını göstərir. Bundan əlavə, Tutanhamonun dəfn mərasimi onun kimi yüksək statuslu firona yaraşmayacaq qədər sadə idi. Professor Fletçerin fikrincə, bunun arxasında həm Tutanhamonun gəncliyi, həm də sağlamlıq problemləri dayana bilər.
Qədim Misirin sirri getdikcə dərinləşir
Bu yeni ipucu, kral Tutanhamonun əslində başqasının məzarında basdırıldığı və ölüm maskasının əslində ona deyil, başqasına aid olduğu iddialarını gücləndirir. Tutanhamonun bu sirli irsi tarixçiləri və arxeoloqları valeh etməkdə davam edir.
Vəli Həsənoğlu,
KONKRET.az