AZ

Asiya yeni savaşın astanasında - Çin qırıcıları qaldırdı

ABŞ-da prezident seçkilərinin keçirildiyi gün Tayvan ətrafında vəziyyət gərgin olaraq qalır. Pekin ABŞ-ın Tayvan üçün ayırdığı 2 milyard dollar yardıma ada ətrafında hərbi təzyiqi artırmaqla cavab verib. Pekin bununla separatçı hərəkətlərə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin hökuməti Tayvanı idarə edənləri separatçı adlandırıb:

“Pekin separatçı adlandırdığı şəxslərlə danışıqlar aparmayacağını bəyan edib. Çin hərbi təyyarələrinin Tayvan ətrafında uçuşları artıb. Ayrıca, Çin ada ətrafında hərbi təlimlərini davam etdirir, Tayvan yaxınlığında döyüş gəmiləri və təyyarələri ilə birgə döyüş hazırlığı patrulu həyata keçirir.

Çin və Tayvan ABŞ-da seçkidə kimin qələbə qazanacağı hesablarını da aparır. ABŞ-Çin iqtisadi münasibətləri son illərdə gərginliklərlə yadda qalıb. ABŞ-ın hazırkı Prezidenti Co Bayden Çinlə iqtisadi mövzuda Ağ Evin özündən əvvəlki sahibi Donald Trampın siyasətini davam etdirir. Tramp Çinə qarşı müxtəlif iqtisadi alətləri işə salmışdı. Tramp bununla faktiki Çinlə ticarət müharibəsinə başlamışdı. Tramp Çin mallarına 60 faizlik rüsum, eləcə də bütün Amerika idxalına universal rüsum tətbiq etmək ideyasını irəli sürmüşdü. O, bu addımların ştatlarda daha çox iş yeri yaradacağı fikrini müdafiə edirdi.

Bayden bu siyasətin davamı kimi Çinin müxtəlif məhsullarına tarif qiymətlərini artırdı. O, dünyanın iki ən böyük iqtisadiyyatı arasında hərtərəfli rəqabət şəraitində yarımkeçiricilər və təmiz enerji məhsullarına tarif qiymətlərini iki dəfə artırıb. Kamala Harris prezident seçilərsə, Baydenin Çinlə bağlı siyasətini davam etdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
13
teleqraf.com

1Mənbələr