UEFA-nın himayəsi altında qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
Arena.az bu barədə sözügedən qurumun mətbuat xidmətinə istinadən məlumat verir:
“Bu həftə UEFA klub yarışlarında bütün oyunlar Valensiyadakı ölümcül daşqın qurbanlarının, bölgədə və ondan kənarda zərərçəkmişlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”, – ali qurumun rəsmi bəyanatında deyilir.
Daha əvvəl bildirilib ki, zərərçəkmiş bölgələri güclü qasırğa vurub, yolları su basıb, evlərə, avtomobillərə, iqtisadiyyata ciddi ziyan dəyib. Bir neçə yüz insan yolların su basması səbəbindən qapalı adacıqlarda qalıb. Valensiyada bir neçə min insan işıqsız qalıb. 200-dən çox insanın isə həyatını itirdiyi, həmçinin itkin düşənlərin olduğu bildirilir.
Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya Kral Kubokunun oyunları təxirə salınıb.