AZ

Yaşıl Düşüncənin təbliğində gənclərin rolu

Bu gün ölkəmizin ən əsas siyasi parametrlərindən birinə çevrilən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində hər bir vətəndaşımızın şüurunda, amalında, fikrində bir yaşıl düşüncə formalaşıb. Bəs yaşıl düşüncə necə inkişaf etdi və nə oldu ki, istənilən yaş qrupundan əsasən də gənclərin bu sferaya olan marağı gün keçdikcə daha artır?

Hər şey Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı Sərəncam ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi ilə başlamışdır. Sərəncamda “ağıllı şəhər”, “ağıllı kənd” innovativ yanaşmaları, ekosistemlərin perspektivləri, yaşıl enerji və iqtisadiyyatın prioritet amilə çevrilməsi, ekoloji problemlərin müzakirəsi və həlli, təmiz mühitin formalaşması, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təqdirə layiq şəkildə keçirilməsi kimi ölkə əhəmiyyətli məsələlərə toxunulmuşdur.

Sərəncamdan dərhal sonra yaşıllıq zolaqlarının genişləndirilməsi, ağaçəkmə aksiyalarının daha da mütamadi, davamlı və ardıcıl olaraq keçirilməsi, iməciliklərin təşkili, gənclərin bu məqsədlə mühüm tədbirlərə cəlbi və könüllülük proqramlarına qoşulması, ali təhsil müəssisələrində konfrans, konqres və simpoziumların, habelə dövlət əhəmiyyətli maarifləndirmə tədbirlərinin baş tutması bizlərə sübut etdi ki, ölkəmiz bu sahədə yaşıl düşüncənin mərhələli formalaşmasına necə də əsaslı dəstək və maraq göstərir.

Bilavasitə bu gün Cənubi Qafqaz regionunda belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki COP29 zamanı minlərlə xarici şəxsin paytaxt Bakıya gələrək buradakı əmin-amanlığı, regional rifahı, gedən siyasi prosesləri, mühiti və şanlı qələbəmizlə tanış olması ölkəmizin  nüfuzunu bir addım daha da ön plana çıxardacaq. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkənin fəal rolunu vurğulayır. Cənab İlham Əliyev demişdir: “Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”. Bir daha qeyd etmək istərdim ki,  bu tədbir ekoloji intibahın, onun problemi və perspektivini müzakirə etməyə həsr olunan bir tədbir olsa da fikrimcə, COP29 bizim haqlı mövqeyimizin, torpaqlarımıza qarşı 30 ilə yaxın davam etmiş ekoloji vandalizmi beynalxalq mühitə təqdim olunması, ermənilən iç üzünü daha da beynalxalq mühitə göstərmiş olacaq. Bunun üçündür ki, Ermənistanın siyasi havadarları bu tarixi həqiqətlərin qarşısını almaq üçün əssasız iddialarla çıxış etsə də ölkəmizin verdiyi bəyanatlar bütün revanşist qüvvələri susdurmuşdur.

        Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29-un müstəsna şəkildə təşkili məsələsinə böyük bir həssaslıqla yanaşması, xarici işgüzar səfərlərində bu məsələnin təbliğindəki müdrik çıxışları, gənclərimizin COP29 ilə əlaqədar könüllülük üzrə müraciətinin 30.000-dən çox olması, vətəndaşlarımıza tədbirin keçiriləcəyi günlərdə hər hansı bir məhdudiyyətin qoyulmaması, təhlükəsizlik tədbirlərinin ön hazırlıq planlarının yüksək təşkili, abadlıq və quruculuq işlərinin davamlı intensiv xarakter daşıması, həm xarici, həm də daxili mühitin marağı bizlərə inanmağa sövq edir ki, bu tədbir xalq-iqtidar birliyindəki əzmkarlığın bariz nümunəsidir.

Bizdə öz növbəmizdə Gənclər Mərkəzi İctimai Birliyi olaraq “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəni həyata keçirmiş və yaşıl düşüncənin inkişafına öz töhfəmizi nümayiş etdirmiş olduq. Layihənin keçirilməsində məqsəd gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən birinə çevrilmişdir.

Şübhəsizdir ki, COP29 beynəlxalq konfransını ölkəmiz yüksək səviyyədə keçirəcək, bu, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə də bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Kənan Qubadzadə,
Gənclər Mərkəzi İctimai Birliyinin sədri

Seçilən
16
3
ikisahil.az

4Mənbələr