Bu gün ABŞ-də keçiriləcək seçkidə ümumilikdə 6 namizəd prezidentlik uğrunda mübarizə aparacaq.
Sfera.az xəbər verir ki, Respublikaçı keçmiş prezident Donald Tramp və Demokratlar Partiyasının vitse-prezidenti Kamala Harris əsas namizəddlər olsa da, digərlərinin də xeyli səs alacağı gözlənilir.
Populyar olmayan namizədlərdən biri Kornel Vestdir. Keçmişdə Yale, Princeton, Harvard kimi universitetlərdə çalışmış fəlsəfə professoru Kornel Vest bu seçkidə müstəqil prezidentliyə namizəd kimi iştirak edir. Mütərəqqi və fəal şəxsiyyəti ilə tanınan 72 yaşlı Vest, həm də Fələstinə dəstək kampaniyalarında məşhur bir addır.
Xanım Jil Steyn digər tanınmayan namizədlərdən biridir. O, 2012 və 2016-cı illərdə Yaşıllar Partiyasından prezidentliyə namizəd olub. Jil Steyn üçüncü dəfədir ki, namizədliyini irəli sürür. İqtisadi bərabərlik, məşğulluq, ədalətli mənzil və təhsil siyasətini təbliğ edən 74 yaşlı Steyn 2016-cı ildə 1,4 milyon səs toplayıb və Demokratlar tərəfindən Trampın Hillari Klintonu məğlub etməsinə səbəb olmaqda günahlandırılıb.
Çeyz Oliver gənc namizəddir. Əvvəllər Demokrat Partiyasının üzvü olan Oliver İraq müharibəsinə qarşı fəal kimi gündəmə gəlib və son vaxtlar İsrailin Qəzzada törətdiklərinə qarşı səsini ucaldanlar arasında olub. Oliver homoseksual olduğunu da gizlətmir. Bunu açıq şəkildə etiraf edən 39 yaşlı Oliver ABŞ Federal Ehtiyat Sisteminin ləğv edilməsini istəyir.
Digər bir qadın namizəd Klaudiya De la Kruzdur. Sosializm və Azadlıq Partiyasının üzvü, 44 yaşlı Klaudiya De la Kruz deyir ki, o, işçi sinfinin və məzlum seqmentlərin namizədi kimi seçkidə iştirak edir. O, pulsuz səhiyyə və qaradərililər üçün imtiyazlar kimi solçu siyasətləri müdafiə edir.
Qeyd edək ki, bu seçkidə Trampla Harrisin şansları bərabər olduğuna görə, siyasi şərhçilər digər namizədlərin alacağı səslərin də nəticəyə ciddi təsir edəcəyini bildiriblər. Əgər demokratların və ya respublikaçıların səslərinin bir hissəsi digər 4 namizədə gedərsə, Tramp və ya Harris asanlıqla qələbə qazanacaq.
Vasif
Sfera.az