"34 hərfdən ibarət olan türk əlifbası ilə bağlı razılaşmanın əldə edilməsi böyük uğurdur. Bu, türk dünyasının bir-biri ilə əlaqələrində asanlaşdırma üçün mühüm addım hesab edilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev sabah Bişkekdə baş tutacaq Türk Dövlətləri Təşkilatının 11-ci Dövlət başçıları Zirvəsi ilə bağlı açıqlama verərkən bildirib.
O, qeyd edib ki, türk xalqlarının bir-biri ilə çox rahat ünsiyyət qurması və mədəni şəkildə inteqrasiyasının ilk şərti ortaq türk əlifbası idi:
"19-cu əsrdə türk dünyası müasirləşmə prosesinə girdikdən sonra türk xalqının aydınları ortaq əlifba məsələsi üzərində düşünməyə başladılar. O dövrdə ərəb əlifbası bütün türk xalqları arasında ortaq əlifba kimi istifadə olunurdu. Lakin ərəb əlifbası türk dillərinin fonetik sistemini tam əks etdirmədi. Sistemli proses 1926-cı ildə başladı. O dövrdə Türkiyə istisna olmaqla, türklərin əksəriyyəti Sovet İttifaqında yaşayırdı. 1926-cı ildə 1-ci Türkologiya Konqresi - türk dünyasının tanınmış dilçilərinin iştirakı ilə Bakıda keçirilmiş bu qurultayın ərəb əlifbasından ortaq latın əlifbasına keçid prosesində böyük rolu və əhəmiyyəti olmuşdur”.
Həmçinin, Şahin Mustafayev əlavə edib ki, hazırda əlifbanın təkmilləşdirilməsi üçün müxtəlif işlər görülür:
"Bu ortaq əlifba layihəsi dövlətlərin müvafiq qurumlarına təqdim olunub. Bundan sonrakı proses bizim işimizdir. Aldığımız reaksiyalar əsasən çox müsbətdir. İnsanlar təqdir edir və sevinirlər. Bu, ümidverici bir şeydir, çünki türk dünyası mədəni, dil və ədəbi baxımdan əhəmiyyətlidir". /TRT
Əli Hüseynov