AZ

“İqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulmasıdır” –ŞEYXÜLİSLAM

Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər – əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz mütərəqqi dünya ictimaiyyətini narahat edir. Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin, o cümlədən, qlobal istiləşmə və digər iqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulması, insanların ilahi qanunlardan, mənəvi-əxlaqi köklərindən ayrı salınmasıdır. Yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə – siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir. Təbii ki, yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir.

“Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir”, – deyə şeyxülislam qeyd edib.

Seçilən
9
azpost.info

1Mənbələr