AZ

İlham Əliyev Qırğızıstana niyə getdi?

Türklər tarix boyu qüdrətləri, gücləri və zəngin dövlətçilik ənənələri ilə hər zaman fərqlənib. Onlar dünyanın ən yüksək dəyərlərinə sahib sivilizasiyalardan birini formalaşdırıblar. Türk sivilizasiyası dedikdə, bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, dərin elmə və bilik zənginliyinə, həmçinin möhkəm bir gücə sahib sivilizasiya nəzərdə tutulur. Əsrlər boyu keçdiyi şərəfli yolun sonunda bugünkü yüksək inkişaf səviyyəsinə çatan türk sivilizasiyası dünya sivilizasiyaları arasında özünəməxsus yer tutub.

Böyük Türk dünyasının əhəmiyyətli bir hissəsi olan xalqımız zəngin türk sivilizasiyasının fundamental dəyərlərindən yararlanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfələrini verib. Azərbaycan, türk dövlətləri ilə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxınlaşmaq üçün çalışır və bu sahədəki fəaliyyətini uğurla davam etdirir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" başlığı altında 6 noyabr 2024-cü ildə keçiriləcək. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə Görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparacaqlar. Zirvə Görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak edəcəklər. TDT-nin 11-ci Zirvə Görüşündə Dövlət Başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul edəcək, sazişləri yekunlaşdıracaq, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlərin imzalanması planlaşdırılır.11-ci Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcəkdir.

Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü üzv dövlətlər arasında sıx əməkdaşlığı və inteqrasiyanı daha da gücləndirmək məqsədini güdür. Bu görüş həmin ölkələr üçün ən mühüm məsələlərin müzakirə olunduğu əhəmiyyətli platforma rolunu oynayacaq.

Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsi ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Prezidentin çıxışında "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" deməsi də göstərir ki, Azərbaycan qardaş Türk respublikaları ilə birgə yaratdığı bu təşkilatı öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir.  Bu bəyanat həm də türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Bu il Türk Dövlətləri Təşkilatının fəaliyyətinin 15-ci ili tamam olur. İldən-ilə güclənən bu təşkilat, ortaq dil, tarix və ənənələrə əsaslanaraq, türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına əhəmiyyətli töhfələr verib. Təşkilat, eyni zamanda, beynəlxalq platformalarda nüfuzunu artıraraq, qardaş türk xalqlarının birgə maraq və dəyərlərini paylaşdığı səmərəli əməkdaşlıq platformasına çevrilib. Azərbaycan, təşkilatın üzv ölkələrinin milli maraqlarını ön planda tutaraq, onlara dəstək və həmrəylik göstərməyə daim sadiqdir.

Azərbaycanın TDT çərçivəsində bütün üzv dövlətlərlə yüksək səviyyəli münasibətlər qurması, Prezident İlham Əliyevin türk dünyasına verdiyi əhəmiyyətin bariz nümunəsidir. Prezidentin təşəbbüsü ilə əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində irəli sürülən təkliflər, təşkilatın inkişaf strategiyasının güclənməsində mühüm rol oynayıb. TDT həmçinin üzv dövlətlər arasında hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində koordinasiyanı təmin edir, ortaq hərbi təlimlər və təhlükəsizlik strategiyaları ilə regionun stabilliyinə və müdafiə qabiliyyətinin artırılmasına xidmət edir.

İslam
Milli.Az

Seçilən
28
milli.az

1Mənbələr