Bakıda Əlcəzairin 1 Noyabr İnqilabının 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət orqanlarının, diplomatic korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Çıxış edən Əlcəzairin ölkəmizdəki səfiri xanım Zəkiyə İğıl bildirib ki, Əlcəzairin tarixində mühüm mərhələni özündə ehtiva edən şanlı 1 Noyabr İnqilabının 70-ci ildönümünü ilk dəfə məhz Azərbaycanda qeyd etməkdən qürur duyur.
“Zalım müstəmləkəçiyə qarşı yeddi il yarım davam edən böyük mübarizə və milyonlarla şəhidlə sonsuz fədakarlıqlar sayəsində inqilabımız zəfər çaldı, Əlcəzair öz suverenliyini və müstəqilliyini bərpa edə bildi” deyən xanım səfir qeyd edib ki, 1 Noyabr İnqilabı onilliklər boyu bütün dünyada müstəmləkəçilik boyunduruğu altında olan məzlum xalqlar üçün mayak və nümunə rolunu oybayıb.
“1954-cü ilin 1 noyabr tarixi Əlcəzairin tarixində yeni bir səhifə kimi bizə müstəqilliyin və azadlığın böyük dəyərlərini xatırladır. Əlcəzairlilər bu gün öz taleyinin və ölkəsinin əsl sahibi olmaqdan qürur duyurlar. Onlar xarici işğala qarşı davamlı mübarizə və azadlıq mübarizəsi naminə birləşərək milli quruculuq və beynəlxalq inteqrasiya uğrunda fəal şəkildə çalışırlar. Əlcəzair xalqı öz şanlı tarixi ilə fəxr etməklə yanaşı, daha parlaq və firavan gələcəyə ümid edir. İqtisadi inkişaf və sosial tərəqqi yoluna qədəm qoyarkən, biz prezident Əbdülməcid Tebbunun müdrik rəhbərliyi altında gələcək hərtərəfli islahatlara qətiyyətlə sadiqik”, - deyib səfir Zəkiyə İğıl.
Əlcəzair səfiri bildirib ki, onlar münaqişələri həll etmək və xalqlar arasında anlaşmanı gücləndirmək üçün dialoq və diplomatiyanın gücünə inanırlar. “BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş ümumbəşəri dəyərlərə sadiqliyimiz, regional və beynəlxalq səviyyələrdə fəal rolumuz qlobal sülh və təhlükəsizliyə müsbət töhfə vermək istəyimizin nümunəsidir”, - o deyib.
Diplomat xanım qeyd edib ki, bugünkü bayram həm də Əlcəzairlə Azərbaycan arasında sıx əlaqələri qeyd etmək və təsdiqləmək üçün fürsətdir. Onun sözlərinə görə, ölkələrimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əvvəlkindən daha da yaxşı olmaqla yanaşı iki dövlət arasında siyasi etimadın yüksək səviyyəsini əks etdirir.
“Bu ilin əvvəlində ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi qeyd olundu. Bu 30 il getdikcə daha dinamik və gələcəyə hesablanmış münasibətlərin təməlini qoyur. Mən qətiyyətlə inanıram ki, bu müsbət impuls nəzərə alınarsa, əməkdaşlığımızın daha parlaq gələcəyi üçün olduqca böyük potensiallar mövcuddur. Hər iki ölkə müxtəlif sahələrdə, xüsusən də enerji, ticarət, kənd təsərrüfatı və turizm sektorlarında əlaqələrin daha da genişləndirilməsi üzrə öhdəliklərə sadiqdir” deyən səfir əlavə edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən bir ölkə kimi Azərbaycan, xüsusilə də qarşıdan gələn “COP 29”a ev sahibliyi etməklə qlobal müstəvidə əhəmiyyətli addım atır. Bu mötəbər konfrans Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini vurğulamaqla bərabər, həm də onun ekoloji dayanıqlılığa dair beynəlxalq əməkdaşlığın və dialoqun təşviqində əsas oyunçu kimi mövqeyini ortaya qoyur.
Xanım diplomat çıxışını bu sözlərlə bitirib: “Məhz bu dostluq, sadiq tərəfdaşlıq və əməkdaşlıq ruhu ilə Milli Günümüzü sizinlə qeyd etməkdən şərəf duyuram”.
Azərbaycan hökuməti adından çıxış edən Milli Məclisin sədr müavini Rafael Hüseynov xanım səfiri və bütün Əlcəzair xalqını Azərbaycan hökuməti və xalqı adın təbrik edib. Bildirib ki, artıq 70-ci dəfə qeyd olunan bu bayram çox fəlsəfi düşüncələri oyadır, müstəqilliyin, azadlığın və dövlətçiliyin simvolu olan bu bayramın mahiyyətcə tədbirdə iştirak edən hər kəsə aidiyyəti var.
“Əlcəzair Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Bu il isə ölkələrimiz arasında diplomatic əlaqələrin yaranmasının yubiley ilidir. Səmimi dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələr 30 ildir davam edir. Əlcəzairin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana səmimi dost münasibətlərini yaxşı xatırlayırıq. 2022-ci ilin noyabrında Ərəb Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə Toplantısına Azərbaycan prezidenti İlham Əliyev fəxri qonaq qismində dəvət olunması və prezident Əbdülməcid Tebbunla görüşməsi də əlaqələrimizin yüksək səviyyəsini göstərir", - o deyib.
Milli Məclis sədrinin müavini bildirib ki, energetika nazirlərinin qarşlılqı səfərləri, bu səfərlər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətli mərhələrinin başlnağıcı olub. “Ümid edirik ki, gələcəkdə əlaqələrimiz şaxələnərək daha da inkişaf edəcək” deyən R.Hüseynov əlavə edib ki, bugünki qeydetmə, Azərbaycanın ən mühüm bayramı olan Zəfər Gününün qeyd olunduğu bir vaxta təsadüf edir. “Biz bu zəfərə çatmaq üçün illərlə mübarizə aparıb, minlərlə şəhid vermişik, məşəqqətli münaqişədən keçmişik. Bayaq səslənən hər iki ölkənin himnində xalqlarımızın mübarizəsi, lazım olarsa canlarında keçməyə hazır olduqları ifadə edilib”.
R.Hüseynov onu da vurğulayıb ki, iki dost ölkə arasında yaxınlığımızın, doğmalığın böyük keçmişi var: "Uşaqlıq illərindən bir poemanın misraları yadımda qalıb. O poema bir əlcəzairli qıza həsr olunub və “Cəmilə" adlanırdı. Poema bela başlayırdı: "Aralıq dənizinin sahillərində gözəl Əlcəzair durub pərişan"... Bu əsərin qəhrəmanı Cəmilə idi". Parlament sədrinin müavini qeyd edib ki, əgər statistikaya nəzər salınsa, 1950-ci iləin sonları - 1960-cı illərin əvvəllərində Azərbaycanda doğulan qızlara bir çox ailələr Cəmilə adını verirdi. Səbəb həmin əlcəzairli qız Cəmilə idi.
R.Hüseynov Azərbaycanda Cəmiləyə 30-dan yuxarı şeir həsr edildiyini diqqətə çatıdırıb. Əlavə edib ki, bir xalqın başqa bir xalqın övladını özünün qəhrəmanı kimi qəbul etməsi nadir hadisədir. Tədbir daha sonra qeyri-rəsmi hissə ilə davam edib.