AZ

Şərqin ilk radiosu: Danışır Bakı- 1 əsrin səs xəzinəsi

98 yaşlı Ana radiomuz xalqımızın səs məbədidir, lakin son vaxtlar bu funksiyasını itirmək üzrədir

6 noyabr Azərbaycanda radionun yaranması

günü və Teleradio işçilərinin peşə bayramıdır

“Danışan qutu”nun kəşfi insanlığın yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu. Radionun yaradıcısı rus mühəndisi Aleksandr Popov 1895-ci ildə elektromaqnit dalğalarını kəşf etmiş və onun ixtirası dərhal təcrübədə sınaqdan keçirilmişdi. Radiotexnikanın inkişafından sonra dünyanın siyasi mərkəzlərində bir-birinin ardınca radiostansiyalar fəaliyyətə başladı. 1922-ci ildə Moskvada Sovet İttifaqının ilk radiostansiyası efirə çıxdı. Bundan cəmi 4 il sonra isə Bakıda bütün müsəlman şərqinin ilk radiosu yayıma başladı.

Danışır Bakı stansiyası

1926-cı il noyabrın 5-də “Bakinskiy raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarda səsucaldan qoyulub və sabah Bakıda radiostansiya işə başlayacaq. Noyabrın 6-da artıq SSRİ-nin ən böyük şəhərlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında quraşdırılmış radiocihazlar xışıldayaraq dilə gəldi. Azərbaycan və rus dillərində «Danışır Bakı stansiyası!» sözləri eşidildi. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyuldu.

İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Universitetinin hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.

Sonrakı dövrdə Ənvər Həsənov, Hüseyn Natiq (Böyük Vətən müharibəsində həlak olmuşdur), Səməd Səmədov, Əsgər Mövsümzadə, Leyla Terequlova, Soltan Nəcəfov, Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani, Nina Petrova, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olundu. Azərbaycan radiosunun verilişləri onun bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı.

1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu.

Görkəmli nasir və şairlərimizin, bəstəkarlarımızın sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, milli mədəniyyət və ədəbiyyatımızın təbliğinə xidmət edirdi.

1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr» yaradıldı. Həmin ilin dekabrında Hüseyn Cavidin «Şeyx Sənan» pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin «Boris Qodunov», C.Məmmədquluzadənin «Ölülər», C.Cabbarlının «Sevil», Nərimanovun «Bahadır və Sona», V.Şekspirin «Hamlet», M.F.Axundovun «Hacı Qara», Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarılırdı. Azərbaycan teatr sənətinin və ədəbiyyatının radioya uyğunlaşdırılması böyük kütlələrin daha çox ədəbi əsərlərlə tanışlığına səbəb oldu. Radiotamaşalar, radiohekayələr, radioromanlar dinləyicilərin maraqla gözlədiyi verilişlər idi.

Bakıdan dünyaya bulaq kimi axan səs dalğaları

1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. Sonralar 8 xarici dildə proqramlar yayımlanmağa başladı.

1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun 2-ci kanalı- «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. «Araz» radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar. Təəssüf ki, 1998-ci ildə «Araz» radiokanalı bağlandı. Hazırda bu adda başqa bir radio fəaliyyət göstərir.

Azərbaycan Radiosunun «Sabahınız xeyir», «Axşam görüşləri», «Bulaq», «Vətən», «Natəvan» qızlar klubu, «Lirika dəftərindən», «Muğam saatı», «Arzu» musiqi poçtu, «Yazıçı və zaman», «Mahnı şəhəri gəzir», «Teatr mikrofon qarşısında», «Ana dili», «Körpü», «Ovqat», «Elin sazı, elin sözü», «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi dinləyicilərin ruhunu oxşayan verilişlər radiotariximizə əbədi həkk olunub, onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır. Hətta, bəzi şərq ölkələrində belə onları lentə yazıb indiyədək öz arxivində saxlayan sadiq dinləyicilər var.

Radionun xalqımızın ürəyinə yol tapmış ənənəvi verilişləri arasında dünya efir məkanın ən yaşlı verilişlərindən biri olan “Bulaq” verilişinin xüsusi yeri var. «Bulaq» xalqımızın folklor xəzinəsi, ədəbi çeşməsi, mədəni irsininin daşıyıcısı, ana dilimizin, el dilimizin yaşadıcısıdır. 1969-cü ilin noyabrından efirə çıxan «Bulaq» verilişinin araya ərsəyə gəlməsində və yaşadılmasında xidmətləri olan Cəmil Əlibəyov, Mövlud Süleymanlı, Məhluqə Sadıqova, Səməndər Rzayev, Vaqif Əlixanlı, Məmməd Aslan, Abbas Abdulla, Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, Mailə Muradxanlı, Rasim Balayev, Mikayıl Mirzə, Kamil Vəli, Səidə Quliyeva və digərlərini hörmətlə yad etmək lazımdır.

55 ildir efirdə yayımlanan «Bulağ»ın ssenarilərini hazırda tanınmış təqdiqatçı yazıçı, xalq çeşməsindən su içmiş Tahir Talıblı qələmə alır. Hərdən köhnə verilişlər də təkrarən efirə verilir.

Radionun bütün verilişləri çox dəyərli idi, sadəcə burada hamısından ətraflı danışmaq mümkün deyil, sadəcə, xalqımızın yarım əsrlik yaddaşına şahid olan bir verilişi misal çəkdik.

Ana radiomuz öz dəyərini qoruyub saxlamalıdır

Azərbaycan radiosu həm də xalqımızın 1 əsrlik canlı audioarxividir. Tez-tez ana radiomuzun efirində ötən əsrin müxtəlif dövrlərinə aid verilişlər təkrar yayımlanır və çox böyük maraqla dinlənir. Bu radiokanalda Azərbaycan və dünya musiqisinin şedevrlərini dinləyə biərsiniz, ara müğənnilərinə burda yer yoxdur. Bir sözlə Azərbaycan radiosunu özünə, mədəni zövqünə, incəsənətə hörmət edənlərin radiosu saymaq olar.

Maraqlıdır ki, əvvəllər radioya qulaq asmaq üçün yalnız bir vasitə var idi- radioqəbuiledici, dinləyici isə bol idi. İndi isə, radio dinləmək üçün vasitələr çoxdur, amma dinləyici azdır. Televiziya və internet insanları daha çox cəlb edir. Lakin radionun (bu sətirlərin müəllifinin də arasında olduğu) öz sadiq auditoriyası var və onlar üçün bunu heç nə əvəz eləmir.

Təəssüflə qeyd etmək lazımdır ki, gənc nəsil arasında ana radiomuzu dinləyənlərin sayı getdikcə azalır. Gənclərin çoxu fasiləsiz olaraq hay-küylü musiqilər verən özəl radioları dinləyirlər. Bu stansiyalar bütün günü ancaq musiqi və hərdən də bir neçə dəqiqəlik xəbər buraxılışı verirlər. Nə vaxt açırsan, ya rep gedir, ya bədbin türk mahnıları, ya da subkultura motivli ara mahnıları. Bayağı mövzular, mənasiz söhbətlər, efirə yaraşmayan əcaib səslər…

Azərbaycan radiosu isə bütün sahələrdə sanballı proqramlar hazırlayırdı. Xalq mahnıları, muğamlar, saz havaları, tarixi, mədəni, ədəbi verilişlər xüsusilə maraqla dinlənilirdi. Bu radioda yerli və əcnəbi müəlliflərin radiopyeslərini, radiohekayələrini, hətta romanlarını da dinləyə bilirdik. Üstəlik, uşaq verilişləri, radionağılları azyaşlılar üçün çox faydalı idi və maraqla dinlənirdi. Lakin…

Tarixi verilişlər hara yoxa çıxdı?

Təəssüf ki, son vaxtlar köhnə verilişlərin çoxu efirdən yoxa çıxıb. Artıq radionun Ədəbiyyat redaksiyası, Uşaq-gənclər redaksiyası, Maarifçilik redaksiyası, Xalq yaradıcılığı redaksiyası bağlanıb, verilişlər ləğv edilib. Xüsusi layihələr departamenti yaradılıb. Burada yeni layihələr üzrə «müasir stildə» hazırlanan audioroliklər sadiq dinləciyilərdə narazılıq yaradıb.

Xalq yaradıcılığı redaksiyasının verilişlərindən yalnız 1-i qalıb- «Bulaq». Halbuki folklorumuz, qədim mədəniyyətimiz və ədəbi irsimizlə bağlı verilişlərə indi daha çox ehtiyac var. Mənəvi dəyərlərə aid verilişləri bağlayıb, şou verilişlər açmaq Azərbaycan radiosu kimi müqəddəs məbədi müasir özəl radioların səviyyəsinə salmaq olardı.

Ola bilsin bəziləri düşünər ki, müasir dövrdə yeni tipli verilişlərə, mahnılara daha çox maraq var deyə belə edilir. Tam əksinə, təcrübə göstərir ki, dinləyicilər qızıl fonddan olan mahnıları, ədəbi bədii verilişləri dinləməyi daha çox sevir. Məsələn son vaxtlar ən çox dinlənən radiolar Retro FM və Yurd FM-dir ki, onlar yalnız köhnə mahnıları verir, mahnı adı qoyulmuş müasir biabırçlıqları efirə buraxmırlar. Ona görə də, Ana radiomuz «müasirlik, yenilik» deyib, 100 illik sifətini itirməməli, öz yolunu davam etdirməlidir.

Bu radio ümummilli radiodur, rəsmi dövlət radiosudur və dövlət büdcəsindən maliyyələşdirilir. Kommersiya radiosu deyil ki, biznes maraqları naminə ucuz küçə radiosu səviyyəsinə düşə. Azərbaycan radiosu (o cümlədən televiziyası) tarixi-mənəvi missiyasını davam etdirməli, ənənələrini qorumalı və gənc nəsli milli-mənəvi dəyərlər əsasında tərbiyə edən bir məbəd kimi qalmalıdır.

1 əsrlik səs xəzinəmiz necə qorunur?

Əldə etdiyim məlumata görə, radiounun (həm də televiziyanın) arxivindəki xeyli lent yazısı düzgün qorunmadığından artıq sıradan çıxıb və vaxtında rəqəmli formaya keçirilməyib. Çox təəssüf… Radionun verilişləri və onun arxivi bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik. Radioda son 98 ildə səsləndirilmiş mahnılar, müxtəlif mövzulu verilişlər, böyük şəxsiyyətlərimizin çıxışları, pyeslər, hekayələr, romanlar, nağıllar və sair əsərlər xalqımızın qızıl səs fonduna daxildir. Orta və yaşlı nəslə bunlar yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq. Çünki o radiomaterilallarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik, milli-mənəvi irsimizə hörmət kimi gözəl xüsusiyyətlər təbliğ olunur.

Yaxşı olardı ki, bütün köhnə lentlər rəqəmli formaya keçirilsin və verilişlər radionun saytında yerləşdirilsin. Beləliklə, həm ölkədə, həm dünyada yaşayan azərbaycanlılar, o cümlədən tədqiqatçılar istədikləri vaxt bu səs məbədinin arxivindən bəhrələnə bilərlər.

Azərbaycan radiosunu uzun və orta dalğada, həmçinin internet vasitəsilə dünyanın hər yerində dinləmək olur.

Səslər dünyasının tarixində bizim də imzamız var. Bu möhtəşəm imzanın arxasında qiymətli audiosənədlər arxivi dayanır- XX əsrin 100 mindən artıq səs yasısı.

Xalqımızın mədəniyyət məbədlərindən biri olan Azərbaycan radiosunun və televiziyasının dünyasını dəyişmiş bütün yaradıcılarının, işçilərinin ruhu şad olsun. Arzu edirəm ki, Ana radiomuz xalqımızın “Səs məbədi” funksiyasını daima qoruyub saxlasın.

Bayramınız mübarək!

Elçin Bayramlı

Seçilən
16
sesqazeti.az

1Mənbələr