AZ

Tələbələr üçün “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” adlı təlim keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlim təşkil olunub.

Bu barədə AzMİU-dan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə reallaşan təlimdə tələbələrlə yanaşı, gənc müəllimlər və doktorantlar da iştirak ediblər.

Tədbirdə AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov bildirib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Bakıda keçirilməsi belə təlimlərin zəruriliyini artırır. Daha sonra kafedra müdiri professor Məhəbbət Məmmədov və fakültə dekanı dosent Turan Aslanova iqlim dəyişikliyinin təsirləri və yaşıl enerjiyə keçid mövzusunda çıxış ediblər. Çıxışlarda COP29-un Azərbaycanda keçirilməsinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimin əsas təqdimatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyn edib. O, “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı üzrə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində atılan addımları diqqətə çatdırıb. Azərbaycanın “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı hədəflədiyi vurğulanıb və qlobal istixana qazı emissiyalarında cəmi 0,1 faiz pay sahibi olmasına baxmayaraq, iqlim dəyişikliyi ilə bağlı aktiv tədbirlər gördüyü qeyd edilib.

Ramil Hüseyn Azərbaycanın yaşıl enerji layihələrini dəstəklədiyini və “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizində fəal iştirak edərək bu sahədə qlobal oyunçuya çevrildiyini bildirib.

Sonra tələbələrlə iqlim dəyişikliyi və yaşıl enerji haqqında müzakirələr aparılıb, onların sualları cavablandırılıb. Gənclərdə yaşıl düşüncə və ekoloji məsuliyyətli həyat tərzinin formalaşmasına dəstək olmaq məqsədilə real nümunələr göstərilib.

Təlimin sonunda mövzu üzrə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

Seçilən
42
tehsil.biz

1Mənbələr