AZ

“Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sevinc Dadaşovanın “Ön söz” yazaraq tərtib etdiyi “Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu ayrıca kitab halında işıq üzü görüb. “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş məqalələr toplusu “Heydər Əliyev və Azərbaycan dili” kitabının davamı olaraq tərtibçi müəllif tərəfindən hazırlanmış III kitabdır.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, nəşrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə olan sevgi və bağlılığını, qayğı və diqqətini əks etdirən məqalələr yer alıb. Topluda 2004-cü ildən 2023-cü ilə qədər Azərbaycan mətbuatında və internet portallarında mövzu ilə əlaqəli respublikanın tanınmış elm, mədəniyyət xadimləri və ziyalıları tərəfindən qələmə alınmış məqalələr günümüzün tarixindən keçmişə doğru sıralanaraq çap olunub.

Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyev olan yeni nəşrə Ümummilli Liderin mədəniyyət və incəsənət haqqında müdrik fikirləri, professor Əbülfəz Quliyev, filologiya elmləri doktoru Jalə Əliyeva, professor Məmməd Əliyev və başqa alimlərin, eləcə də və incəsənət xadimlərinin Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz xidmətləri, bu sahəyə qayğı və diqqətini özündə əks etdirən və 2023-cü ilədək mətbuatda dərc olunan zəngin informativ bazaya malik yazıları daxil edilib.

Qeyd edək ki, Sevinc Dadaşovanın ideya müəllifi olduğu, “Heydər Əliyev və mədəni irsimiz” tematikasını özündə ehtiva edən bu layihəyə əsasən Ulu Öndər haqqında yazılmış müxtəlif sahələrə aid məqalələrin də toplanaraq gələcəkdə ayrıca kitab şəklində nəşri nəzərdə tutulub.

 

 

Seçilən
24
2
tehsil.biz

3Mənbələr