AZ

AzMİU tələbələri tullantını sənətə çevirib dünyaya ismarıc verdilər

İqlim dəyişdi... quraqlıq yarandı... istiləşmə başladı... buzlar əridi... dünyanı su basdı və s. 

İqlim dəyişikliklərinin fəsadları Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin gündəmində idi. Onlar dünyanı düşündürən bu problemə öncə öz münasibətlərini bildirmək sonra başqalarının diqqətini çəkmək üçün böyük bir tədbir — 5 günlük forum keçirdilər. 

Forumun açılışında

Tələbələrin təşəbbüsü ilə baş tutan forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olundu. “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu çərçivəsində AzMiU-nun tələbələri çoxşaxəli ekoloji problemlərə müxtəlif müstəvilərdə yanaşma sərgiləyiblər. “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələr təşkil olunub. Müzakirələrdə COP29-un məqsədlərinə uyğun olaraq şəhərsalma, enerji istifadəsi və su ehtiyatlarının idarə olunmasında dayanıqlılıq prinsiplərinin vacibliyi nəzərə çatdırılıb, qlobal iqlim dəyişikliklərinə və ekoloji dayanıqlılıq problemlərinə qarşı birgə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Tullantılardan hazırlanan maketlər sərgisində

Tullantılardan hazırlanan maketlər sərgisi xüsusi diqqət çəkib. “Azərbaycan müəllimi” də forumun başlanğıc nöqtəsinə - universitetdə açılan “İkinci həyat - dizaynerlərin gözü ilə” adlı sərgiyə baş çəkib. 

İnsanın ətraf mühitə atdığı, nəticədə yerin dərin laylarında göyün ən yuxarı qatlarında yaratdığı zibillikləri elə insanın özünün necə gözəlləşdirə biləcəyini göstərən SƏNƏT nümunələrinin qəhrəmanları da AzMİU tələbələridir. 

Bu sənətdə imzası olanlardan biri Aysel Qarayeva dizayn fakültəsinin “Dizayn” ixtisası üzrə II kurs tələbəsidir. 15 tələbə yoldaşı ilə birlikdə layihəyə qoşulub və təhsil aldığı universitetin interyerində yer alacaq dekorlar üzərində o da işləyib: “İnteryer dizayn etmək çox xoşuma gəldiyi üçün bu ixtisası seçdim. Ev interyeri qurmağı çox sevirəm. Universitetin interyerini bəzəyəcək COP29-un məqsədlərinə uyğun bu layihədə iştirakımdan isə, xüsusilə zövq aldım”.

“Keçən ildən bəri universitetimizin layihələrinə qoşuluram. Bu, qoşulduğum üçüncü layihədir”,- deyən Ayselin sözlərinə görə, bu, üzərində çalışdığı ilk layihə olmasa da, onu fərqləndirən ciddi özəlliyi var: “İlk dəfə idi tullantı toplayıb sonra ondan dekor hazırlayırdıq.  2 gün ərzində universitetimizin bufetində toplanan tullantıların bir qismindən istifadə edərək 4 gün ərzində bu layihəni hazırladıq”.

A.Qarayeva deyir ki, tullantılardan ilk dəfə bir dekor hazırlayıb: “Bir dəfə də tullantı yığmışıq. Xəzərin sahilində təmizlik işləri gördük. Amma o yığdığımız zibillərdən heç nə hazırlamamışdıq. İlk dəfə tullantını  sənətə çevirdik”.

“Zibildən nələr yarada biləcəyimizi gördük, başqa nələr edə biləcəklərimizi düşündük”

Həsən Məmmədov da “Dizayn” ixtisası üzrə II kursda təhsil alır. Layihəni əvvəlcədən planlanmış sxem üzrə hazırlasalar da, bir çox detallar planlaşdırılmadan əlavə edilib. Son nəticədə meydana çıxan dekor dünyaya, cəmiyyətə belə bir ismarıc verir: “Tullantıları yerə yox, zibil qabına atın. Çünki elə tullantı var ki, onun təbiətdə itməsi üçün 400 il tələb edilir. Maketin ortasına, düz mərkəzinə yerə zibil atan insan işarəsi yerləşdirmişik. Dünyada məşhur olan bu işarə və ətrafını saran tullantılarla demək istəyirik ki, ətrafını çevrələyən zibilin əsas yaradıcısı, səbəbkarı məhz insan özüdür. Biz demək istəyirik ki, bu işarəyə fikir verməsək, ətrafımızda belə bir mənzərə yaranacaq”.

H.Məmmədov əlavə edib ki, bu layihə onlar üçün başqa ideyalar verib: “Bu ilk təcrübə ilə zibildən nələr yaradacağımızı gördük, hətta başqa nələr edə biləcəklərimizi düşündük”.

Cəmil Kazımlı tələbə yoldaşlarının işini yaxından izləyib: “Mən yoldaşlarım kimi toplayan yox, daha çox tullayanlardan olmuşam. Ancaq sadəcə 2 gün ərzində toplanan tullantıları görüb çox təəccübləndim, hətta təsirləndim. Özümün düşüncələrimin necə dəyişdiyini müşahidə edəndən sonra hesab edirəm ki, belə layihələr yaradıcı düşüncəmizi, təsəvvürümüzü formalaşdırmaqla yanaşı, dünyanın vacib problemlərini də hiss etməyimizə, onlara həssas münasibət göstərməyimizə səbəb olur”.

“Tələbələrimizdə yaşıl düşüncə formalaşdırdıq, cəmiyyətə ismarıc ötürdük”

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında layihənin meydana çıxma səbəblərindən danışıb: “Diqqəti ətraf mühitin problemlərinə cəlb etmək üçün cəmiyyətə vacib ismarıclar ötürmək istədik. Hər ismarıcı yaddaqalan etməyin yollarından biri məhz göz yaddaşına xitab edən üsullar seçməkdən keçir. Biz də bu üsuldan istifadə etməyə qərar verdik”.

Tullantı toplama prosesi professorun özü üçün də maraqlı olub: “Universitetin 2 kafesi var. Həmin kafelərdən yığılan tullantılardan 2 gün ərzində bir dağ yarandı. Elə ki, kafelərimizdə qalaqlanan zibillərdən yaranan dağı gördük, yerə düşən hər qapaq üçün “mübarizə” edən tələbələrimizin təəccüb gözlərindən oxunurdu. Onlar bir qapağın torpağa verdiyi zərəri bəlkə informasiya olaraq bilirdilər, amma gördüyü mənzərə bu zərərin miqyasını da dərk etmələrinə səbəb oldu”.

Y.Hacıyevanın fikrincə, bu proses cəmiyyətdən öncə, yetişməkdə olan gənc nəslin, tələbələrin ekoloji şüurunun formalaşmasında mühüm rol oynayıb: “Həm tələbələrimizdə yaşıl düşüncə formalaşdırdıq, həm də cəmiyyətə ismarıc ötürdük. Hazırladığımız layihədə hipnoz effekti də var. Bir az uzağa çəkiləndə maket sanki fırlanır. Bu da verdiyimiz ismarıcın beynə hopmasını, yaddaşa birbaşa köçməsini təmin edir. Beləliklə, tələbələrimiz layihənin psixoloji tərəfini də işlədilər”.

Y.Hacıyeva reallaşdırmaları üçün tullantı dalınca qaçmadıqları, əksinə universitetdə böyük yer tutan və bir gün tullantıya çevrilib təbiətə ziyan vuracaq bəzi əşyalara ikinci həyat verdikləri layihələrdən də danışıb: “Hər semestr tələbələrimizin layihələri olur. Onların xüsusi ölçülü planşetlər üzərində hazırladıqları maketlər universitetdə 5 il müddətində saxlanılır. 5 il ərzində yaranan mənzərəni təsəvvür edirsinizmi? Biz də dünya təcrübəsinə baxdıq. Planşetlərin üzərindəki əl işlərini bir yerə yığıb kompozisiya yaratdıq. Həm də bir əyani vəsait olan həmin əl işləri kompozisiya olaraq tələbələrimiz üçün vacibdir. Bir də ona görə əhəmiyyətlidir ki, maketləri kompozisiyaya əlavə etdikdən sonra planşetləri uşaqlara qaytardığımızdan, yeni layihədə yeni planşetlər üçün əlavə pul xərcləmirlər. Bununla da bir neçə faydalı iş gördük. Tələbələrimizin xərcini azaltdıq, əyani vəsait olan əl işlərini bir araya topladıq”.

İkinci həyat qazanan tullantılardan biri də universitetdə yığılıb qalan molbertlər olub. Konstruksiyalaşma dərsimizdə bir ölçüdə fərqli instruksiya yığmağı öyrədirik. Bir layihəni də konstruksiyalaşma dərsimizdə hazırladıq. Başqa material işlətmədən açıq məkanda oturmaq üçün yer hazırladıq. Molbertlərdən istifadə edib, yeni interpretasiyada yeni bir layihə ortaya qoyduq. Həm otaqlarımızı əlavə yer tutan molbertlərdən təmizlədik, həm də tullantıya çevrilmələrinə imkan vermədik. Üstəlik, universitet həyətində tələbələrimizin otura biləcəyi konstruksiya qurduq”.

Nəhayət, daha bir layihə. Tələbələr Azərbaycan Mühəndislik və İnşaat Universitetinin III korpusunun qarşısında lentlərlə hazırlanan “Dəniz” kompozisiyası ilə yenilik, təmizliyə işarə vurublar: “Asfaltı deşib, ziyan vurmamaq üçün kompozisiyamızı yuxarıda qurduq. Biz bu kompozisiyanı nəinki universitetimizdə, bütün Bakı küçələrində yaratmağa hazırıq, özü də öz gücümüzə. Dizaynerlər lentlərlə dəniz, dağ, çəmən effekti yaradırlar. İnsanlara rəngləri göstərir, onlara çatdırmaq istəyirlər ki, çirklənsə, bu rənglər yox olacaq, çirk onların rəngini görməyə imkan verməyəcək”. 

COP məqsədlərinə uyğun mövzuları tədrisə öz layihələri ilə gətirən AzMİU tələbələrinin ismarıcını Y.Hacıyeva belə izah edib: “Tələbələrimizə tapşırıq verdik, COP haqqında bildiklərini, araşdırıb öyrəndiklərini plakat şəklində təsvir etmələrini söylədik. COP deyəndə nə təsəvvür edir, nə görürlər? II kurs tələbələrindən ibarət 3 qrup bu tapşırığı yerinə yetirdi. Onlar birləşib iqlim dəyişikliklərinin fəsadlarının, insan fəaliyyətinin nəticələri ilə birbaşa bağlı olduğu mövzuları təhsilə gətirdilər. Tullantılara ikinci həyat verməklə  funksional kompozisiyalar yaratdılar. Həmin kompozisiyalar müxtəlif dildə danışan, müxtəlif düşüncə tərzi olan insanlara bir ismarıcdır”.

Tələbələrin ətraf mühitin problemlərindən danışan dibçəkləri

“COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu çərçivəsində maraqlı vörkşoplar da olub. Tələbələr üzərində rəsm işlərinin yer aldığı dibçəklər və plastik tullantılardan istifadə etməklə maketlər hazırlayıblar. 

Universitetin Tələbə Gənclər Təşkilatının CreArt mədəniyyət klubları şəbəkəsinin nəzdində fəaliyyət göstərən Gənc Rəssamlar dərnəyinin üzvləri iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və su ehtiyatlarının mühafizəsi kimi qlobal məsələləri vurğulayan motivlərdən istifadə edərək yalnız vizual gözəllik yaratmaqla kifayətlənməyib, həm də ekoloji məsuliyyət çağırışı ediblər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan başqa bir layihədə isə tələbələr plastik tullantılardan istifadə etməklə maketlər hazırlayıblar.

AzMİU TGT CreArt mədəniyyət klubları şəbəkəsinin üzvləri mühit dizaynı kafedrasının müəllimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dizayneri Əsmər Məmmədovanın rəhbərliyi ilə müxtəlif komandalara bölünərək tullantılardan maketlər hazırlayıblar.

Memarlıq fakültəsinin IV kurs tələbəsi Aytac Vəzirova deyir ki, tullantı materiallarından hazırladıqları maketlər, innovativ yanaşmaları və ekoloji problemlərə diqqəti artırmaq məqsədilə yaradılan dizaynları forumda maraqla qarşılanıb və onlar öz işlərinə qarşı çəkə bildikləri hər diqqətdən məmnundurlar: “Hər birimizin həvəslə qatıldığımız bu yaradıcı işlər ətraf mühitin qorunması və tullantıların yenidən istifadəsi mövzusunda cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətli bir addım olduğunu düşünürəm. Məncə, biz forumla öz məqsədimizə çatdıq. Həm ekologiyaya, həm COP-a, bütövlükdə Azərbaycanımıza vacib məsələdə, vacib mərhələdə öz töhfəmizi verdik”.

“Tələbələrimiz təmiz dünya üçün  nəsə etməyə çalışırlar”

“İqlim dəyişikliyi problemləri insan amilinin nəticəsidir. Tələbələrimiz də məhz buna diqqət çəkib”.

Bunu AzMİU-nun rektoru Gülçöhrə Məmmədova “Azərbaycan müəllimi”nə 5 günlük forumun nəticələrindən danışarkən deyib. O, forumun, ümumiyyətlə, bu cür təşəbbüslərin COP29-un əsas məqsədləri ilə uyğunlaşaraq, ekoloji problemlərə gənclərin diqqətini cəlb etmək və onları aktiv iştirakçıya çevirmək baxımından mühüm əhəmiyyət daşıdığını deyib: “İqlim dəyişikliyinin səbəbi insan fəaliyyətidir. İnsanın təbii resurslardan istifadəsidir, həddindən çox enerji, su sərf etməsidir. İnsan fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan  görüntülərdən biri də tullantılardır. Tələbələrimiz bu məsələyə çox diqqət yetirir. Həm tullantıların idarə olunması, həm təkrar istifadəsi məsələsinə öz əl işlərində münasibət bildiriblər. Deməli, bu barədə  düşünür, problemi başa düşür, təmiz dünya üçün nəsə etməyə çalışırlar”.

Rektor universitetdə keçirilən forumun Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfəsini verəcəyini deyib: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Tələbələrimiz öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar”. 

Rektor həmçinin vurğulayıb ki, universitetin məzunları olan inşaatçılar, memarlar, şəhərsalma mütəxəssisləri ekologiya, iqlim dəyişmələri mövzusu ilə sıx bağlıdırlar və onların tələbəlik illərindən bu mövzunu başa düşməsi, dərk etməsi, öz rollarını bu qlobal problemin həllində görməsi böyük əhəmiyyət kəsb edir.

Seçilən
29
tehsil.biz

1Mənbələr