AZ

Uşaqların telefon və televizor asılılığı: Qarşısını necə alaq?

“Hazırda valideynlərin ən çox şikayət etdiyi mövzulardan biri də uşaqlarının telefon və televizor qarşısında çox vaxt keçirməsidir”.

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu, uşaqlar arasındakı ən aktual problemlərdən biridir:

“Hətta deyərdim ki, telefon və televizor qarşısında həddindən artıq vaxt keçirmək yeniyetmələr arasında da problemə çevrilir. 

Lakin bu hal uşaqlarda və yeniyetmələrdə bəzi psixoloji halların yaranmasına səbəb ola bilər”.

Psixoloq həmin psixoloji problemlərdən də danışıb:

“Uşaqda ilk olaraq hiperaktivliyin (şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi və uzun müddət diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir) artmasına gətirib çıxarır.

Çünki telefonda və televizorda gördüyü qeyri-adi hərəkətlər və davranışlardan sonra uşaqda hiperaktivlik artır. Həmçinin, televizor və telefon qarşısında çox vaxt keçirmək uşaqlarda empatiya (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir) hissi yaranmır. 

Yəni mavi ekran qarşısında saatlarla vaxt keçirən uşaq digər insanlarla kifayət qədər ünsiyyət qurmadığı üçün onların duyğularını və düşüncələrini bilmir.

Lakin empatiya hissinin formalaşması üçün uşaq başqa insanla mütləq şəkildə ünsiyyətdə olmalıdır. Bu olmadıqda isə uşaq özünü başqalarının yerinə qoya bilmir. Nəticədə problemlər ortaya çıxır”.

Onun sözlərinə görə, telefon və televizora çox vaxt ayıran uşaqda davranış pozuntuları meydana gəlir:

“8-9 saat televizorda cizgi filmlərinə baxan uşaqların beyinlərini dondurur və onun inkişafının ləngiməsinə gətirib çıxarır. Yəni onda psixoloji və zehni cəhətdən ləngimələr olur. 

Ona görə də bu, ən böyük problemlərdən biridir”.

Həmsöhbətimiz uşaqları telefon və televizor asılığından qurtarmaq üçün atılacaq addımlardan da söz açıb:

“Birinci növbədə, uşağa telefon və televizorla bağlı məhdudiyyətlər tətbiq etməliyik. Bunun üçün uşağa əvvəlcədən müəyyən zaman vermək lazımdır.

Məsələn, gündəlik 1 saat telefon və televizor icazəsi verilə bilər. Əgər uşaq telefon və televizordan müəyyən etdiyiniz kimi məhdud zamanda istifadə edirsə, onlara kiçik mükafatlar verə bilərsiniz.

Həmçinin, onlara alternativlər yaratmaq lazımdır. Uşaqları idmana, rəqsə, musiqiyə, kitab oxumağa və açıq havada vaxt keçirməyə yönləndirmək olar. Onlarda yeni hobbilər (məşğuliyyət) yaratmalıyıq.

Bundan başqa, uşaqlara televizorda və ya telefonda nəzarət etmək lazımdır ki, qorxulu cizgi filmlərinə baxmasınlar. Çünki müəyyən bir zamandan sonra onların həyatına pis təsir edə bilər.

Nəzərə almaq lazımdır ki, uşaqlar valideynlərini örnək alırlar.

Yəni onlara məhdudiyyətlər tətbiq edib, özümüzün telefon və televizorla çox zaman keçirməyimiz doğru olmaz. Əks təqdirdə, uşaq bunun səhv olduğunu düşünməyəcək”. 

Seçilən
54
35
cebheinfo.az

10Mənbələr