AZ

Azərbaycanda bulinqlə mübarizə necə aparılır?

"Bullinq" sözü fiziki və ya psixoloji olaraq bir şəxsi təhqir etmək, zor tətbiq etmək və ya hər hansı formada onu incitmək məqsədini daşıyan davranışları ifadə edir. Bu davranış adətən güc balansının qeyri-bərabər olduğu vəziyyətlərdə baş verir, yəni güclü tərəf daha zəif birinə fiziki, verbal və ya psixoloji yollarla zorakılıq göstərir. 


Məktəblərdə bullinqi güc və ya populyarlıq axtarışında olan, aqressiv davranış göstərən şagirdlər edir. Bullinq törədən şagirdlər çox vaxt digərləri üzərində hakimiyyət quraraq özgüvənlərini artırmaq istəyir. Müşahidələr onu göstərir ki, bu cür davranış göstərənlərin özləri də bəzi hallarda evdə və ya başqa sosial mühitlərdə travma və ya zorakılıq təcrübəsi yaşayır və həmin təcrübələri başqalarına yönəldirlər.

 

Bullinqə məruz qalan şagirdlər isə çox vaxt həssas, utancaq, fərqli xarici görünüşə, maraqlara və ya qabiliyyətlərə malik olan, digərlərindən bir qədər fərqli davranışlar sərgiləyən uşaqlar olur. 

 

Ümumilikdə, bullinq həm zorakılıq tətbiq edənlər, həm də ona məruz qalanlar üçün ciddi emosional və psixoloji problemlər yaradır. Məktəblərdə və digər sosial mühitlərdə bulinqə qarşı qabaqlayıcı tədbirlərin görülməsi gələcəkdə daha ciddi problemlər yarana bilər.

 

Mövzu ilə bağlı Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi tərəfindən yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq analitik təhlillər, maarifləndirici təlimlər, müxtəlif tədbirlər həyata keçirilir:


“Dövlət Komitəsinin layihəsi olaraq 2020-ci ildən fəaliyyətini uğurla davam etdirən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” prinsipi əsasında aqressiv davranış halları ilə mübarizə istiqamətində 2024-cü ildə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, o cümlədən Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri vasitəsilə Respublikanın müxtəlif regionlarında uşaqların iştirakı ilə təlimlər təşkil edilir”.

 

Qurum rəsmisindən o da bildirildi ki, uşaqların daha təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsinə töhfə vermək, eyni zamanda uşaqlar arasında baş verən aqressiv davranış hallarının səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq" adlı araşdırma işi həyata keçirilmişdir. “Təhlil 2024-cü ilin fevral-iyun aylarında Bakı şəhərindən olan 13-17 yaşlı uşaqlar arasında həyata keçirilmiş, aqressiv davranışların (bullinqin) yayılma səviyyəsi, yaranma səbəb və nəticələri, bullinqlə mübarizə yolları təhlil edilib. Bununla yanaşı yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı 30 nəfər mürəxəssislə dərinləşdirilmiş müsahibə aparılmış və məzmun təhlili həyata keçirilmişdir. Əldə edilmiş nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanmışdır”.

“Qeyd olunanlarla yanaşı, Dövlət Komitəsi tərəfindən “Uşaqların müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda 2 dekabr 2024-cü ildə təşkil ediləcək konfransda “Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” adlı analitik təhlilin təqdimatı həyata keçiriləcək və aidiyyət qurumların iştirakı ilə koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsi, eyni zamanda aidiyyəti  qurumların iştirakı ilə problemin həlli istiqamətində muzakirələr təşkil ediləcəkdir”- deyə bildirilib.  

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirildi ki, ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və təfərdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktiki tədbirlər icra edilir. Bulinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir. Şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır. 

 

“Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNİCEF-in birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. İki ildir davam edən layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir. Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar  verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür” – deyə qurumdan bildirilib. 

Seçilən
23
modern.az

1Mənbələr