AZ

"Belə uşaqlar oxumaq istəyirlər, amma oxuya bilmirlər" - PSİXOLOQ İZAH ETDİ

"Psixologiyada diqqət əksikliyi və hiperaktivlik sözü daha çox keçərlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, əgər bir uşaqda hiperaktivlik müşahidə olunursa, o uşaqda mütləq diqqət əksikliyi də ola bilir: "Bu, uşağın həm impulsivliyi, həm davranışlarında özünü göstərir. Həmçinin də əgər təhsil alırsa, təhsildə özünü göstərir.

Bəzən belə uşaqlar oxumaq istəyirlər, amma oxuya bilmirlər. Diqqətləri yayınır, müəllimi sona qədər dinləyə bilmirlər. Belə uşaqlar seanslarda da özlərini fərqli şəkildə göstərirlər. On-on beş dəqiqə ərzində seansı bitirməyə çalışırlar. Bir şeydən tez bezib digər işə başlamaq istəyirlər. Hiperaktiv uşaqlara əslində oyun terapiyası da çox faydalıdır. Buna həm psixoloqlar, həm ailə terapevtləri, həmçinin ailələr də riayət edə bilərlər. Əgər oyun terapiyası düzgün aparılarsa, uşaqların dərsinə belə müsbət təsir göstərə bilər.

Hiperaktivlik ümumiyyətlə beynə və davranışa təsir edən qeyri-adi və ya qeyri-adi dərəcədə aktiv bir vəziyyətdir. Diqqət dağınıqliğı və hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər. Əslində, bu hal uşaq məktəbə başlayanda özünü olduqca açıq şəkildə göstərir. Məktəbin başlanğıc yaşı olan 6 yaş, sonrakı illərdə diqqət əksikliyi və hiperaktivlik pozğunluğu diaqnozu üçün əhəmiyyətli bir müddətdir. Bu yaşlarda diaqnoz edilən pozğunluğun, yetkinlik yaşına çatdıqda tədricən yox olması gözlənilir. Lakin bu həmişə belə deyil və diqqət əksikliyi və hiperaktivlik pozğunluğu yetkinlərdə də problem ola bilər. Belə diaqnoz qoyulmuş insanların yuxu və narahatlıq problemi ilə qarşılaşma ehtimalı da vardır. Lakin bu, bütün hallarda görünmür.

Həmçinin bu məsələlərdə ehtiyac olarsa, psixiatr qəbulu və psixiatr dərmanlarından da istifadə olunur. Çünki çox ağır formada olanda təkcə psixoloqun, ya da ailənin gücü çatmır. Dəstəyimiz o olmalıdır ki, çox yükləməməliyik, marağına səbəb olan işlərlə məşğul olmasına yardım etməliyik".

Müəllif: Söylü Ağazadə
Seçilən
23
sia.az

1Mənbələr