AZ

Sıraya yenicə dönmüş Neymar yenidən zədələndi

Asiya Çempionlar Liqasının “İstiqlal”la (Tehran) ev oyunu (3:0) “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu onu yaşıl meydanlara bir ildən artıq həsrət qoymuş zədədən sağalaraq, yenidən futbola qayıtdıqdan sonra keçirdiyi ikinci oyununda zədələnib.

“Ney” “İstiqlal”la oyunun 57-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub. 86-cı dəqiqədə isə braziliyalı ulduz budunun arxasını tutaraq meydanı tərk etmək məcburiyyətində qalıb. Əzetmədən sonra futbolçu ayaq sipərlərini, butslarını və su şüşəsini məyusluqla yerə çırpıb.

Oyundan sonra braziliyalı ulduz özünün şəxsi sosial şəbəkə hesabı üzərindən bu xoşagəlməz məqamla bağlı şərh paylaşıb:

“Mən bir qıcolma hiss etdim, amma çox güclü idi. Müayinədən keçəcəyəm və ümidvaram ki, qorxulu bir xüsus yoxdur. Bir ildən sonra bu, adi haldır. Həkimlər artıq mənə xəbərdarlıq ediblər. Ona görə də diqqətli olmalı və daha çox oynamalıyam”, – “Ney” yazıb.

“Bunun asan olmayacağını bilirdim”

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezuş isə narahatlıqla bildirib:

“Asan hal deyil. Bu, sadəcə onu liqaya göndərməmək qərarına gələndə düşündüklərimi sübut edir, çünki bunun asan olmayacağını bilirdim və bilirəm… Texniki cəhətdən diz sağalıb, amma indiki kimi fəsadları olacaq, əzələ fəsadları”, – “A Bola” nəşri portuqal mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıdıb.

Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr