AZ

Harris yoxsa Tramp? - ABŞ-da seçkilər başlayıb

ABŞ-da prezident seçkiləri ilə bağlı ilk səsvermə məntəqələri bir sıra ştatlarda açılıb. 


Konnektikut, İndiana, Kentukki, Meyn, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarının seçiciləri artıq səs verə bilərlər.


İlk səsvermə məntəqələrində səsvermə Bakı vaxtı ilə 6 noyabr saat 04:00-da başa çatacaq, son məntəqələrdə isə Bakı vaxtı ilə 09:00-da.


Prezident Co Bayden oktyabrın 28-də erkən səsvermədə iştirak edib və bu məqsədlə 40 dəqiqə növbədə gözləyib. Seçkilərdən namizədliyini geri çəkdikdən sonra Kamala Harrisi dəstəkləyib.


ABŞ-da əksər seçki məntəqələri şərq vaxtı ilə təxminən saat 07:00 və ya 08:00-da (Bakı vaxtı ilə 16:00 və ya 17:00-da) açılır. Sonuncu məntəqələr Havay adalarında şərq vaxtı ilə günorta (Bakı vaxtı ilə 21:00-da) açılacaq.


ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın dövlət başçısı seçkilərində qələbə ehtimalı 61%-dir. Bu barədə Polymarket bukmeker agentliyinin məlumatları göstərir.


Onun hesablamalarına görə, Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisin qalibiyyət şansı 39% təşkil edir. Keçmiş ABŞ prezidentinin qələbəsi üçün qoyulan mərclərin ümumi məbləği təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezident üçün isə 808 milyon dollardır.


Bu seçkilərdə prezident, Senatın üçdə biri və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 11 ştatın və 2 ərazinin qubernatorları seçilir. 


Donald Tramp özü seçkilərdə "möhkəm qələbə" qazanacağını bildirib.

 

"Bu, bu ölkənin siyasi baxımdan ən böyük qələbəsi olacaq", - onun sözlərini ABŞ mediası yayımlayıb.


Tramp Miçiqanın Grand-Rapids şəhərindəki mitinqdə çıxış edərək, Demokratların namizədi Kamala Harris qələbə qazandığı halda, ABŞ-ı "daha dörd il əzab, səhvlər və fəlakətlər” gözlədiyini deyib. O, seçki kampaniyası çərçivəsində əsas vədlərini, o cümlədən digər ölkələrə qarşı gömrük rüsumlarının tətbiqi və qanunsuz immiqrantlarla mübarizə vədlərini təkrarlayıb.


Tramp, həmçinin, Kamala Harrisi "radikal sol dəli" adlandırıb və onun Ağ Evdən "çıxarılmalı” olduğunu deyib.

 

"Kamala, sən işdən çıxarıldın. Buradan çıx!" "Sən vəzifələrini pis yerinə yetirirsən, nə etdiyini bilmirsən. ...Biz istəmirik ki, sən nüvə danışıqlarına rəhbərlik edəsən, çünki "nüvə" sözünün mənasını bilmirsən", -  Tramp əlavə edib və Harrisi "iyrənc” vitse-prezident adlandırıb.


Son saatlar ərzində keçmiş prezident Şimali Karolina, Pensilvaniya və Miçiqanda mitinqlərdə çıxış edib. Bütün bu ştatlar əsas ştatlar hesab olunur. Trampın sözlərinə görə, bir il ərzində o, 900-dən çox seçki mitinqində iştirak edi.


CNN-in məlumatına görə, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp Nyu-Hempşir ştatının kiçik Diksvill-Notç şəhərciyində hərəyə üç səs toplayıb.


Səsvermədə dörd respublikaçı və iki qeyri-bəyan edilmiş seçici iştirak edib.


ABŞ və Kanada sərhədi boyunca, Nyu-Hempşir ştatının şimal ucunda yerləşən şəhərcik, səsverməni gecə yarısından dərhal sonra açıb və bağlayıb. Bu ənənə 1960-cı ildən davam edir.

 

N.Təbrizli


www.anews.az
Seçilən
56
50
anews.az

10Mənbələr