AZ

“Uşaqlar üçün yaşıl biliklər” adlı kitab təqdim edilib

Bu gün BP şirkəti Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabın təqdimatını keçirib. SİA xəbər verir ki, layihə BP-nin Azərbaycanda davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsidir, məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır.

Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.

"Uşaqlarda ətraf mühitə dair məlumatlılığı və bacarıqları inkişaf etdirməklə onları gələcək nəsillər üçün planetimizi qorumağa kömək edən dayanıqlı seçimlər edə biləcək məsuliyyətli vətəndaşlar kimi böyüdə bilərik", - BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin və ekoloji problemlərin planetə təsiri artdıqca, uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir: "Uşaqlara erkən yaşlardan "yaşıl bilik"lər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik”.

Kitab "yaşıl bilik"lərə aid əsas mövzuları, o cümlədən, dayanıqlılığın əsasları, enerjiyə qənaət, su ehtiyatlarının idarə edilməsi, tullantıların azaldılması və təkrar emalı, dayanıqlı yaşayış tərzi, dayanıqlı inşaat və yaşıl iqtisadiyyat kimi mövzuları əhatə edir. Kitabın məzmunu uşaqlar üçün anlaşıqlı, sadə və maraqlı şəkildə təqdim olunur.

9 fəsildən və nəticədən ibarət 168 səhifəlik kitab "yaşıl bilik"lərin inkişaf etdirilməsi üçün həm hərtərəfli, həm də əlçatan yanaşma təmin edir. Kitabın hər bir fəslində uşaqların asanlıqla başa düşə biləcəyi dildə müvafiq yerli və beynəlxalq qanunvericilik aktları təqdim edilir. Kitabda həmçinin uşaqların marağını cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün şəkillər, interaktiv fəaliyyət və oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var.

Kitab BP-nin yerli məktəblərə, kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir. Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən 41 500 manat (24 400 ABŞ dollar) təşkil edir. Layihəni “GEM CSR Consulting” MMC icra edib. Kitabın müəllifi Liya Bayramovadır.

Seçilən
27
3
sia.az

4Mənbələr