AZ

İmtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd etdi

27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir: “Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.

Məlum olduğu kimi, Mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır”.

Qeyd edilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir: “Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilmişdir”.

Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır: “Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Seçilən
12
33
unikal.az

10Mənbələr