AZ

Qubada iki fərqli vəzifə daşıyan məmur kimdir?

Qubada məktəb direktoru bələdiyyə sədri olaraq da fəaliyyət göstərir.

Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Qımılqazma kənd məktəbinin direktoru Vüqar Kərimov eyni zamanda Qəçreş kənd bələdiyyəsinin sədri vəzifəsində də çalışır:

“Vüqar Kərimov uzun illərdir hər iki vəzifədə rəhbər olaraq çalışır. Bu da qanun pozuntusudur”.

Məsələ ilə bağlı hüquqşünasların da fikrini öyrəndik. İlk olaraq qeyd edək ki, bələdiyyələrin statusu haqqında qanunun 15.2 maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü – bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

Nəzərə alsaq ki, direktor vəzifəsi elmi yox, inzibati vəzifə hesab edilir.

Bundan başqa Dövlət qulluğu haqqında qanunun 20.1.1 maddəyə əsasən dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa ixtiyarı yoxdur.

Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən hüquqşünas Fərhad Mehdiyev bildirib ki bələdiyyə sədri həmin ərazidə yaşayan sakinlərə xidmət etməlidir:

“Məktəb direktoru kimi işləməsi onun əhaliyə xidmət göstərməsinə maneə yaradır. Bu məqsədəuyğun deyil. Eyni zamanda qanuna da ziddir. Dövlət qulluğu haqqında qanunun 20.1.1 maddəsinə görə, dövlət qulluqçusu hər hansı əlavə ödənişli seçkili və təyinatlı vəzifə tuta bilməz”.

Qeyd edək ki, 2 il bundan öncə sözügedən bələdiyyə sədrinin ailəsinə qarşı sui-qəsdə cəhd olunub. Nəticədə ailə üzvləri müxtəlif xəsarətlər alıb. Hadisəni törədən şəxs isə 17 il azadlıqdan məhrum edilib.


Seçilən
39
news24.az

1Mənbələr