AZ

Xaricdən gələn təhdidə qarşı birlik çağırışları

“Dostlar alverdə görsün” — deyə Şanxaydan vurub BRİCS-dən çıxandan sonra “kürd problemi”nin həllini gündəmin ən üst sırasına daşımaq hansı zərurətdən irəli gəldi?...

Bu məsələdə güzəşti ağlından belə keçirməyən Türk milliyyətçilərinin lideri Devlet Bahçelinin terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısını Türkiyə Böyük Millət Məclisində danışmağa və təşkilatı “silahı yerə qoymağa” dəvət etməsi, xeyr, daşları yerindən oynatmadı. Bahçelinin bu çağırışı dövlət başçısı Erdoğan ilə məşvərətdən sonra etməsi heç kimdə şübhə doğurmurdu, necə ki, 30 oktyabrda partiyasının parlament fraksiyasındakı çıxışında cənab Erdoğan iqtidarın kiçik ortağına təşəkkür etməyi unutmadı. Bu təşəkkürlə kifayətlənməyən iqtidar partiyası lideri və dövlət başçısı həm kürd mənşəli vətəndaşlara, həm də ana müxalifət partiyasının liderinə müraciət etdi:

“Sevimli kürd qardaşım, sənin bu əli sıx şəkildə tutmağını istəyirəm... Buradan CHP sədri hörmətli Özgür Özelə də təqdirlərimi çatdırıram. Dövlət hamının dövləti olmalıdır, dövlət hər kəsə eyni məsafədə duraraq onları qucaqlamalıdır... Özelin sədrliyində CHP-nin qardaşlıq sıralarında yer alacağına mən ürəkdən inanmaq istəyirəm.”

Hal-hazırkı kürd təmayüllü Demokratiya Partiyasının sədri Tuncer Bakırhan da iqtidar partiyası sədrindən təxminən 1 saat əvvəl bu təşəbbüslərə pozitiv münasibət bəslədiklərini bildirmişdi. “Kürd məsələsi” ətrafındakı gəlişmələr hal-hazırda bu işin lehində və əleyhində olan bütün tərəfləri öz içinə çəkərkən təbii ki, verilməsi lazım olan ilk sual “Niyə?” olmalıdır.

“Kürd məsələsi”nin təxminən 11 ildən sonra Türkiyə gündəmini — həm də “kürd reallığı”nı əsla yaxına qoymayan “nasionalist” partiyanın birbaşa təşəbbüsü ilə — bu şəkildə məşğul etməsinin əsas səbəbi Suriyada cərəyan edən proseslərdir. Suriya məsələsinin arxasında isə birbaşa Rusiyanın olduğunu hər kəs bilir. Türkiyə ilə Rusiya arasında pərdə arxasında getdikcə gərginləşən münasibətlər Ankara-Dəməşq münasibətlərində öz əksini tapır: xatırlayacaqsınız, yaz aylarından bəri Türkiyə dövlət başçısının dəfələrlə müraciət etməsinə baxmayaraq, diktator Bəşər Əsəd münasibətlərin normallaşması üçün ən əsas şərtindən vaz keçmir.

İşi daha da çətinləşdirən xüsusiyyət — Əsəd Türk ordusunun Suriya torpaqlarını qeydsiz-şərtsiz tərk etməsini istəyərkən Rusiya da İdlibdəki cihadçı qrupların dağıdılmasını məhz Ankaradan tələb edir. 2018-ci ilin sentyabrından bəri Rusiya bu tələbini həftə səkkiz, mən doqquz təzələyərkən Türkiyə cihadçıların İdlibi tərk etməsi üçün heç bir təşəbbüs göstərmir. Bu təşəbbüsü etməməsi üçün Türkiyə çox haqlı bir səbəb irəli sürür: İdlibdəki strukturun dağıdılması durumunda cihadçıların əksəriyyəti Türkiyəyə üz tutacaq və Türkiyə üçün yeni bir təhlükəsizlik probleminin qapısı aralanacaq. Diktator Əsəd isə Türkiyənin 26 avqust 2016-cı ildə başlayan hərbi əməliyyatla öz nəzarəti altına aldığı kürd bölgələrindən çıxmasını tələb edir.

Dövlət başçısı Erdoğanın Kazanda keçirilən BRİCS zirvə iclasına getməsindən iki gün əvvəl Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələrin İdlibi bombalamasına dair xəbərlər gəlsə də, görünür, Türkiyəni çox narahat edəcək nəticələr olmadı. “Kürd məsələsi”ndə Bağdaddan sonra İraqın şimal bölgəsindəki kürd muxtariyyəti ilə də mütəmadi görüşlər keçirən Ankaranın əsas narahatlığının Suriyadakı kürd bölgələrindən gəldiyini görmək çətin deyil. Rusiyanın hərbi dəstəyini arxasına alan diktator Əsəd iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün Türk ordusunun ölkənin şimal-qərb bölgələrini tərk etməsini istəyərkən, şimal-şərqdə ABŞ-ın birbaşa dəstəyi ilə bir kürd idarə strukturunun yaradılmaq üzrə olduğu da heç kimə sirr deyil. Türkiyənin bu günə qədərki saysız müdaxiləsi bu prosesi əngəlləməyə kifayət etməzkən ölkə içindəki kürd bölgələrinə diqqəti artırmaq da qaçınılmaz olur.

Rusiya ilə anlaşmazlığın təkcə İdlib məsələsi ətrafında olmadığını Ankara da çox yaxşı bilir. Moskvayı qəzəbləndirən məsələlərdən biri — 2023-cü ilin iyulunda 5 Azov komandirinin Ukrayna prezidenti Volodimir Zelenskiyə təhvil verilməsi, digəri isə bu ilin əvvəlindən başlayaraq, iki ölkə arasındakı ticari əməliyyatlarda Rusiya rublunun Türkiyə tərəfindən qəbul edilməməsidir. Kreml, iddia etdiyi kimi, razılaşmanın pozularaq, 5 Azov komandirinin Ukraynaya təhvil verilməsini qəbul edə bilməz. İki ölkə arasındaki idxal-ixrac əməliyyatlarında Ankaranın rublu qəbul etməməsi, Azərbaycandakı məşhur deyimdəki kimi, “Dollara güllə atan” Rusyanın qanını o qədər qaraltmışdır ki, axırıncı BRİCS zirvə iclasındakı Putin-Erdoğan təkbətək görüşündə belə bu məsələnin gündəmin əsas maddələrindən biri olduğu ortaya çıxdı. Türkiyə bu məsələdə ipə odun sərməyə davam etsə də, iki ölkə arasındakı ticari əməliyyatlarda yenidən rublu qəbul etməsi mümkün görünmür. Ona görə Suriya üzərindən Türkiyəyə “kürd məsələsi”nə görə təzyiqin güclənəcəyini təxmin etmək çətin deyil.

Türkiyə dövlət başçısının Kazanda Rusiyalı həmkarı ilə görüşü davam edərkən Ankarada həyata keçirilən terror aksiyasının məsuliyyətini hansı terror təşkilatının öz üstünə götürdüyünü bir daha xatırlasaq, 1984-1998-ci illər arasında olduğu kimi, bu kartın Suriya tərəfindən yenidən Türkiyəyə qarşı istifadə edilmə ehtimalının güclənə biləcəyini təxmin etmək olar.

Ankaranın bu gəlişmələri görməməsi mümkün deyil. Ata Əsəd SSRİ-nin dağılmasından sonra da Türkiyəyə qarşı terror təşkilatı kartından istifadə etmiş, ancaq 1998-ci ilin sentyabrında prezident Süleyman Demireldən orduya, parlamentdən kəşfiyyat qurumuna qədər Türkiyənin nümayiş etdirdiyi qərarlılığa görə terror təşkilatının başçısını ölkədən çıxarmaq məcburiyyətində qalmışdı. Fəqət ölkədəki kürd varlığı və terror təşkilatı reallığı bitməmiş və 2013-cü ildə terror təşkilatı Suriyada başqa ad altında təşkilatlanaraq şimal-şərq bölgələrində idarə strukturu yarada bilmişdir. Dəməşq rejiminin oradakı kürd idarəçilik strukturuna müsbət yanaşması Türkiyənin işini çətinləşdirərkən, nəzarət altında saxladığı şimal-qərb bölgələrindən çıxması üçün Əsədin tələb üzərinə tələb irəli sürməsi Ankaranı öz daxilindəki birliyi möhkəmləndirməyə sövq edir.

Təbii ki, Türkiyə siyasətinin və dövlət idarəçiliyinin ən təcrübəli şəxsiyyəti cənab Erdoğan bu gəlişmədən də öz partiyasının reytinqini yüksəltmək üçün ustalıqla istifadə etməyə çalışır. Ana müxalifət liderinə təşəkkürünü bir daha oxuyanlar bunu görəcək.

Haqlıdır...

Mayis Əlizadə - icmalçı

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr