AZ

"Abzas Media" onlayn nəşrinin direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənli həmin resursda bu penitensiar müəssisəsində çoxsaylı pozuntular və qeyri-insani rəftar faktları barədə yeni məqalə dərc edib.

Onun sözlərinə görə, Penitensiar Xidmətin və 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistlərə və digər siyasi məhbuslara təzyiq göstərməklə məşğuldur.

O, bütün penitensiar müəssisələrdə "sistemli işgəncə" barədə bildirir. "Əvvəlki məqalədə yazdığım işgəncə (1-ci mərtəbədə 8-ci korpus) dayandırıldı. Ancaq bu proses 7-ci korpusa köçürüldü. Məhkumların işgəncələrindən əziyyət çəkən fəryadları dəfələrlə eşitmişik. Qadın korpusunda da işgəncələr davam edir", - Həsənli qeyd edir.

“Bundan əvvəlki yazımda danışdığımız işgəncələr saxlanıldığım 8-ci korpusun 1-ci mərtəbəsində dayandırılıb, amma bu proses yanımızdakı 7-ci korpusun 1-ci mərtəbəsində əvvəlki templə davam edir. Bu müddətdə dəfələrlə oradakı işgəncələrin səsini, məhbusların qışqırıqlarını eşitmişik. Bundan əlavə, qadın korpusunda da işgəncələr davam edir”, - o qeyd edib. 

Həsənli hesab edir ki, Penitensiar Xidmətdə ikinci vacib problem korrupsiya və rüşvətdir.

Bu sistemdə rüşvət və korrupsiyanın bir çox forması var. Bunlardan biri həbsxanaya gələr-gəlməz məhbuslardan pul alınmasıdır. Dustağın üstü yoxlanan zaman onun nə qədər pulu olduğu bilinir və əhəmiyyətli hissəsi ondan məcburi şəkildə alınır. Sonra məhbus karantinə göndərilir. Qalan pul da orada “üstündə pul gəzdirmək olmaz” bəhanəsilə ələ keçirilir.

Məhbusları antisanitariya və ağır şəraitdə saxlayırlar ki, onlar karantindən ya pul verib, ya da “yuxarıdan” kimlərəsə zəng etdirib çıxsınlar, - Həsənli yazır.

O qeyd edib ki, Bakı İstintaq Təcridxanasınin karantin hissəsi çox pis vəziyyədədir.

“Sağlam insan orada xəstəlik tapar. Natəmizlik, şəraitsizlik, havasızlıq. Məhbuslar gecə yata bilmirlər ki, böcəklər ağızlarına, qulaqlarına girir”, - Həsənli yazıb.

Jurnalist hesab edir ki, Penitensiar Xidmətdə korrupsiyaya yol açan əsas səbəb “xüsusilə orta və aşağı vəzifəli əməkdaşların 500-600 manat maaş almasıdır”.

Təcridxana məhbuslarla doludur. 2500 nəfərlik  yerdə 4 min məhbus saxlanılır. İllik 140 milyon manat dövlət büdcəsindən pul ayrılan Penitensiar Xidmət saxlanma şəraitini təmin etməlidir.  

“1 saylı Bakı İstintaq Təcridxanasında havalandırma, isitmə-soyutma sistemlərinin, soyuducuların, su təchizatının vəziyyəti pisdir. Su gündə iki dəfə bir saat verilir. İsti su isə həftədə yalnız bir dəfə 2-3 saat verilir. Soyuducuların sayı az olduğuna görə yayda məhbuslar çox əziyyət çəkirlər. Əlbəttə ki, kondisioneri olan “elit” məhbuslar istisnadır”.

Yayda istidən  gecələr yatmaq, gündüzlər nəfəs almaq mümkün olmur. Hər gün onlarla məhbus ürək tutması ilə tibb məntəqəsinə aparılır. Hətta istidən huşunu itirən nəzarətçi də olur.

“Mənə ailəm ventilyator gətirmişdi, ancaq onu içəri buraxmadılar. Rəis dedi ki, sənin üçün çöldən ventilyator buraxmayacağıq, istəyirsən “laryok”dan  (həbsxananın kiçik marketi) al. Məcbur qalıb “laryok”dan 40 manata ventilyator aldım”, - Həsənli qeyd edib .

Jurnalist tənqidi yazılarına görə təhdidlərə məruz qaldığını da yazıb. O əvvəlcədən tənqidlərini dayandırmaqla bağlı xəbərdar edildiyini və bu, baş verməzsə təzyiqlərə məruz qalacağı barədə hədələndiyini bildirib.

“Mənə qarşı təzyiqlərə öyrədilmiş dustaq tərəfindən kəsici-deşici alətlə hədələnmək, yayda dəhşətli istilərlə üz-üzə qoyulmaq, kameranın nəfəsliyinin bağlı saxlanılması (əksər kameralarda açıq idi), övladımla görüşə məhdudiyyətlərin qoyulması daxildir” – Həsənli bildirib.

Məqalədə daha bir problem kimi təcridxanada yeni gətirilən bəzi məhbusların çılpaq şəkillərinin çəkilib telefonda saxlandığı və onlara qarşı şantaj vasitəsi kimi istifadə edildiyi göstərilir. “Bu, əsasən transgenderlərə aiddir”, - Həsənli qeyd edib.

Turan-ın Ülvi Həsənlinin fikirlərinin şərh edilməsi xahişilə Penitensiar Xidmətə sorğusuna belə cavab gəlib: "Ülvi Həsənlinin məqaləsi həqiqəti əks etdirmir, onun iddialarının əsası yoxdur".

Seçilən
24
turan.az

1Mənbələr