AZ

Yaxın Şərqdə axan qanı kim durduracaq? (ŞƏRH)

"ABŞ-da keçirilən seçkinin nəticəsindən asılı olmayaraq, Yaxın Şərqdə cərəyan edən gərginlik yaxın zamanlarda aradan qalxmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ-da bu gün keçirilən seçkilərin nəticəsinin Yaxın Şərqdə cərəyan edən prosesə təsirini şərh edərkən deyib.

"Çünki İsrail bu məsələdə sərt mövqe nümayiş etdirir. Bir neçə dəfə olub ki, İsrail müharibəni dayandırmaqla bağlı ABŞ-ın tələblərinə faktiki olaraq əməl etməyib. Bunun nə dərəcədə razılaşdırılmış olub-olmadığı barədə müxtəlif rəylər var. İndiki vəziyyətdə Yaxın Şərqdə qarşıdurmanın səngiyəcəyinə elə də böyük ümidlər yoxdur", deyə Arif Əliyev bildirib.
 


Ekspert qeyd edib ki, İsrail öz məqsədlərinə tam çatmayıb:

"İstər girovların azad edilməsi, istərsə də üzərinə getdiyi qüvvələrin məhv edilməsi olsun, hələlik Təl-Əviv bu məqsədlərə tam çatmayıb. Düzdür, HƏMAS, "Hizbullah" xeyli zəifləyib. Amma onlar müəyyən müddətdən sonra öz fəaliyyətlərini bərpa edə bilərlər. Hüquqi cəhətdən də İsrail hər hansı bir dəyişikliyə nail olmayıb. Yəni böyük itki və dağıntılarla  müşayiət olunan yarımçıq vəziyyətdə ABŞ seçkilərinin nəticələrindən asılı olmayaraq proses dayandırılmayacaq". 

Bununla belə, həmsöhbətimiz düşünür ki, seçkinin nəticələrinə görə Yaxın Şərqdəki proseslərə fərqli münasibət olacaq:

"Lakin istənilən halda Yaxın Şərqdəki proseslərin davam etməsində digər mexanizmlərin də ciddi rolu olacaq. O, cümlədən İsrailin mövqeyi və İranın hansı cavab formasını seçməsinin də".

Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləridir. Bir çoxlarının fikrincə, həmin seçkilərin nəticələrinin digər məkanlarda olduğu kimi, Yaxın Şərqdə hazırda cərəyan edən proseslərə də təsirləri olacaq. Bu mənada bəziləri ABŞ seçkilərinin nəticəsindən asılı olaraq İsraillə HƏMAS, "Hizbullah” və İran  arasında cərəran edən gərginliyin azalacağı, digərləri isə əksinə daha da kəskinləşəcəyi qənaətindədir.

Rüfət Sultan
Seçilən
8
qaynarinfo.az

1Mənbələr