AZ

Ölkəmizin növbəti beynəlxalq töhfəsi



Bu gün paytaxtımızda Dünya dini liderlərinin III Sammiti işə başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin Qlobal Bakı Sammitinin keçirilməsi dinlərin və dini liderlərin iqlim dəyişiklikləri, ətraf mühit problemləri və ekoloji fəsadlar kimi ümumbəşəri xarakterli qlobal təhdid və çağırışlarla mübarizədə mühüm rolunu ortaya qoyur.

30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və ümumilikdə 55 ölkəni və bir çox beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, dünya miqyasında tanınmış ictimai xadimlər, ilahiyyatçılar və həmçinin media nümayəndələrinin iştirak etdiyi bu ikigünlük sammit planetimizin bu günü və gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan dünya dini liderlərinin bundan əvvəlki ümumdünya sammitlərinə də uğurla ev sahibliyi edib. Bu baxımdan Azərbaycanın dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etməsi və III Sammiti təşkil etməsi həqiqətən də ölkəmizin növbəti beynəlxalq töhfəsidir.

Prezident İlham Əliyev Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb. Dövlətimizin başçısı sözügedən müraciətində dini liderlərin roluna toxunaraq qeyd edib ki, “bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir… Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər”.

Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda planetimizin gələcəyi naminə bütün dünya birliyinin həmrəyliyinə xidmət edən budəfəki III Sammit təkcə ətraf mühiti deyil, ümumən Yer kürəsini, bütün bəşəriyyəti qorumağa hesablanıb. Ona görə də Bakıda keçirilən bu tədbirin qlobal əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Dünyada etnik-dini və geosiyasi zəmində münaqişələrin, ideoloji zəmində qarşıdurmaların gücləndiyi bir məqamda dini liderlərin, müxtəlif icmaların və dinlərin nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin və alimlərin bir araya gələrək bu cür aktual məsələləri müzakirə etmələri çox təqdirəlayiqdir.

Biz etiraf etməliyik ki, hazırda dünya həqiqətən də çox böyük fəlakətlər qarşısındadır və ekosistemlərin məhv edilməsi bütün bəşəriyyətin məhvinə səbəb ola bilər. Əgər təhlükənin miqyasını nəzərə alsaq görərik ki, iqlim problemlərinin həllində təkcə sahə üzrə mütəxəssislərin deyil, dini liderlərin də fəal iştirakı artıq zərurətə çevrilib. Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir. Biz qəbul etməliyik ki, bu gün dini inanclar böyük gücdür. Dinlər və dini liderlər insanların ətraf mühitə, təbiətə, ekoloji məsələlərə münasibətini və davranışını dəyişə bilər, dağıdıcı insan tipinin yaradıcı və qurucu insan tipi ilə əvəz olunmasında çox önəmli rol oynaya bilərlər. Bu mənada bəşəriyyətin gələcəyinin qurulmasında dini inancların potensialından, təbliğat və təşviq gücündən mütləq şəkildə istifadə olunmalıdır. Dini inanclar insanlara barış və həmrəyliklə yanaşı, ətraf mühitə qayğıkeşlik və sevgi hisslərini aşılamalıdır.

İqlim dəyişmələri və ekoloji problemlərin artmasında dağıdıcı müharibələrin də neqativ təsirini mütləq diqqət mərkəzində saxlamalıyıq. Ayrı-ayrı ölkələrin öz qonşularına qarşı işğalçı-vandalizm siyasəti eyni zamanda flora və faunanın məhv edilməsinə, çayların sənaye-kimyəvi tullantılarla zəhərlənməsinə, ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin törədilməsinə gətirib çıxarır. Bu acı həqiqəti Prezident İlham Əliyev də Dini Liderlərin III Qlobal Sammitinin iştirakçılarına müraciətində vurğulayıb. O, qeyd edib ki, ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur: “Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz”.

Biz Ermənistanın törətdiyi ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini görmüş, yaşamış bir xalqıq. Odur ki, dünya birliyini və o cümlədən dini liderləri beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsinə, müharibə törədənlərə qarşı qınayıcı mövqe nümayiş etdirməyə çağırmağımız da təbii haldır. Bu çağırış dövlətimizin başçısının müraciətində də yer alıb. Prezident İlham Əliyev iqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada sülh və əmin-amanlığın, beynəlxalq təhlükəsizliyin təmin edilməsinin vacib amillərdən biri olduğunu bildirib. Bəli, iqlim dəyişikliyi və ekoloji fəsadlarla mübarizə aparmaq bir dövlətin və ya tək-tək insanların işi deyil. Hamılıqla mübarizə aparmaq vacibdir. İndi qlobal həmrəylik zamanıdır. COP29 çərçivəsində keçirilən Dünya dini liderlərinin Üçüncü Bakı Sammiti də məhz bu gerçəkliyi bütün dünyanın diqqətinə çatdırmağa xidmət edir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
23
newscenter.az

1Mənbələr