AZ

Arif Əkbərov: "Xəstəxanalarda göndərişlərin verilməsində hər hansı limit yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Göndəriş vərəqəsi üçün heç bir ödəniş tələb oluna bilməz. Göndərişlərin verilməsində hər hansı limit də yoxdur".
Bu sözləri Oxu.Az-a müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib. Həmin müsahibəni təqdim edirik:
- Göndərişlər nədir və vətəndaşlara nə üçün lazım olur? Bu sistem necə işləyir?
- Xidmətlər Zərfi çərçivəsində 3 315 tibbi xidmət vətəndaşlara icbari tibbi sığorta hesabına göstərilir. Vətəndaşlar sözügedən tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyində olan doqquz elmi-tədqiqat institutundan birinə müraciət edir. Əgər burada vətəndaşa lazım olan tibbi xidməti göstərmək mümkün olmursa, bu halda vətəndaş həmin xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndərişlə təmin edilir. Nümunə üzərindən izah etsək, pasiyent həkim qəbulunda olduqdan sonra hansısa müayinə və ya müalicəyə ehtiyac yaranarsa və həmin tibb müəssisəsində bu tibbi xidmətləri icra etmək mümkün olmazsa, bu zaman göndəriş vərəqəsi əldə edir. Göndəriş vərəqəsi digər dövlət tibb müəssisələrindən birinə və ya agentliyin müqavilə imzaladığı özəl tibb müəssisələrindən birinə verilir.
Müraciət edilən həkim çalışdığı ərazi üzrə bu xidməti göstərmək imkanına malik dövlət tibb müəssisəsinə göndəriş verir. Ərazi üzrə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda isə həkimin çalışdığı TƏB daxilindəki digər dövlət xəstəxanasına göndəriş verilir. Xəstəxana vətəndaşın seçimi əsasında təyin olunur. Yuxarıda göstərilən iki hal da mümkün olmadıqda pasiyentin seçiminə əsasən həkim göndərişi çalışdığı TƏB daxilindəki agentliklə müqaviləsi olan özəl tibb müəssisələrindən birinə və ya digər TƏB daxilindəki dövlət tibb müəssisələrindən birinə verir. Vətəndaş özəl tibb müəssisəsi seçimində də sərbəstdir.
Gəlin nümunə ilə izah edək. Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində - məsələn, Şəkidəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.
Hansısa sual yaranarsa, vətəndaş agentliyin "1542" Çağrı Mərkəzinin 1542-3 göndərişlərin verilməsi ilə bağlı xəttinə zəng vurub məlumat əldə edə bilər.
- Az öncə bildirdiniz ki, özəl tibb müəssisəsini vətəndaş özü seçə bilər. Bu halda vətəndaş hansı qaydaları bilməlidir? Seçim prosesi necədir?
- Bu ilin əvvəlində özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb. Yenilikdən əvvəl göndəriş vərəqəsi agentlik tərəfindən təsdiq edildikdən sonra vətəndaş yenidən dövlət tibb müəssisəsinə sənədi götürmək üçün yaxınlaşmalı olurdu. Bu, əlavə vaxt itkisinə səbəb olurdu və səhhətində problem olan vətəndaş üçün çətinlik yaradırdı. Təkmilləşmələr şəffaflığın təmin olunmasına, vətəndaşların rahatlığına və tibbi xidmətlərə əlçatanlığa xidmət edir.
Üç vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:
1. "e-Tabib" mobil tətbiqindən istifadə etməklə;
Göndəriş vərəqəsi agentlik tərəfindən 24 saat ərzində təsdiq edildikdə bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir. SMS-i aldıqdan sonra vətəndaş "e-Tabib" mobil tətbiqinin "Göndərişlər" bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı ilə tanış olur və seçimini edir. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiq etdikdən sonra vətəndaş xidməti almaq üçün tibb müəssisəsinə 10 iş günü ərzində şəxsiyyət vəsiqəsi və göndərişin nömrəsi ilə yaxınlaşmalıdır. Xəstəxanadan imtina gəldikdə isə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər.
2. QR-kodu oxutmaqla;
SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən kağız daşıyıcıda olan göndəriş vərəqəsinin üzərindəki QR-kod oxudulmalıdır. Açılan pəncərədə vətəndaş tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olur. Bu zaman həmin şəxs müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirir. Bu zaman vətəndaşa lazım olan tibbi xidmətin seçdiyi tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
3. Agentliyin rəsmi internet səhifəsi vasitəsilə;
Vətəndaş SMS-lə birdəfəlik kod aldıqdan sonra agentliyin rəsmi internet səhifəsindən müqaviləli tibb müəssisələri ilə tanış olaraq, müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirə bilər.
Qeyd edim ki, dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi agentlik tərəfindən təsdiq edilmədiyi halda imtinanın səbəbi haqqında vətəndaşa SMS-lə bildiriş göndərilir.
- Bəzi tibb müəssisələrində göndəriş vərəqəsinin yazılması üçün ödəniş tələb edirlər. Bəzən isə göndərişlə özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına xidmət alan zaman əlavə ödəniş tələb etmə halları müşahidə edilir. Bu zaman nə etmək lazımdır?
- Göndəriş vərəqəsi üçün heç bir ödəniş tələb oluna bilməz. Göndərişlərin verilməsində hər hansı limit də yoxdur. Həkim tərəfindən göstəriş olduğu halda vətəndaş ödənişsiz şəkildə göndərişlə təmin edilir. Eyni zamanda, müqaviləli tibb müəssisələrində xidmət alan zaman, Xidmətlər Zərfinə uyğun olaraq, tibbi xidmətin ödənişi agentlik tərəfindən müqaviləli tibb müəssisəsinə ödənilir. Vətəndaş icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərlə bağlı hansısa bir neqativ halla üzləşərsə, "1542" Çağrı Mərkəzinə zəng edə bilər. Bütün operatorlardan zənglər ödənişsizdir.
- Ən çox göndəriş verilən tibbi xidmət hansıdır?
- Verilən göndərişlərin böyük hissəsi funksional diaqnostikanın payına düşür. Funksional diaqnostik müayinələr günümüzdə xəstəliklərin erkən aşkarlanmasında, diaqnozların dəqiqləşdirilməsində mühüm rol oynayır.
Bu müayinələr orqanizmdə müxtəlif orqanların və fizioloji sistemlərin vəziyyətinin dəyərləndirilməsinə yardımçı olur. Misal olaraq maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT) müayinələrini göstərə bilərik. Bu müayinələr üçün pasiyentlər, adətən, müqaviləli tibb müəssisələrinə göndərişlə təmin olunurlar.
Aytac Qasımova
Seçilən
72
39
oxu.az

10Mənbələr