AZ

Həbsdə olan  fəal Nicat İbrahimi xəstəxanaya yerləşdirməkdən imtina edirlər

1 saylı Bakı İstintaq Təcridxanasında fəal Nicat İbrahimin vəziyyəti kəskin pisləşib. Bu barədə Turan-a onun xanımı Pərvanə İbrahim bildirib.

Onun sözlərinə görə, bu gün İbrahim zəng edib belindəki şiddətli ağrılardan danışıb və çətinliklə hərəkət etdiyini söyləyib. Son zamanlarda arterial təzyiqi yüksəlib və həkimlər hipertoniya diaqnozunu qoyublar.

Fəal həm də zorakılığa etiraz edərək polisdə özünə yetirdiyi xəsarətdən əziyyət çəkir. "Qanunsuz və ədalətsiz həbs Nicatın vəziyyətinə mənfi təsir göstərir. Eyni zamanda, ona effektiv tibbi yardım göstərilmir və həbsxana xəstəxanasına köçürməkdən imtina edirlər", - o deyib.

*Sentyabrın 9-da Nicat İbrahim qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq polis tərəfindən saxlanılıb O, Daxili İşlər Nazirliyinin ölkədən çıxışına qoyduğu qadağaya etiraz olaraq oktyabrın 5-dən təcridxanada aclıq edib.

Sentyabrın 6-da sərhədçilər bu qadağanı əsas gətirərək onu Bakı-Kişinyov reysinə buraxmayıblar. Eyni zamanda, xanımını və 2 azyaşlı uşağı təyyarəyə buraxıblar.

Bundan sonra o, qadağanın ləğvi tələbilə Daxili İşlər Nazirliyinə zəng edib və nazirliyin binası qarşısında özünü yandırmaqla hədələyib. 9 sentyabrda onu saxlayıblar və ittiham irəli sürüblər.

**Nicat İbrahim 2021-ci ildə də bir dəfə cinayət məsuliyyətinə cəlb edilib və karantin rejimini pozmaqda ittiham olunaraq 15 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsinə  Prezident Administrasiyasının qarşısında təkbaşına piket keçirməsi səbəb olub.

Seçilən
38
turan.az

1Mənbələr