“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun əhval-ruhiyyəsi haqda söhbət açıb.
Arena.az məlumat verir ki, italyan mütəxəssis Çempionlar Liqasında “Milan”la oyuna həsr edilmiş mətubat konfransında, “Qızıl top”suz qalmış “Vini”nin hazırda hansı vəziyyətdə olmasını ilə bağlı açıqlama verib:
“Hər şey qaydasındadır. O, nə baş verdiyini anlayır. Xoşbəxtlikdən şənbə günü oynamadıq və Vinisius hamı kimi yaxşıca məşq etdi.
Vinisius da bizim kimi kədərlidir, amma “Qızıl top”a görə yox, Valensiyadakı vəziyyəti (qasırğa və daşqınlar bölgəyə ciddi ziyan vurub – redaktorun qeydi) gördüyünə görə”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, “Qızıl top”un təşkilatçıları ən nüfuzlu fərdi futbol mükafatını “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim ediblər. Bu, gözlənilməz olub, belə ki, buna qədər Vinisius yekdilliklə “Qızıl top”a ən əsas namizəd qəbul ediliridi. Qalmaqal, təqdimat mərasimi ərəfəsində “Qızıl top”un Rodriyə veriləcəyi haqda məlumat sızıntısı ilə başlayıb, “Real” mərasimə qatılmayıb.
Ançelotti həmçinin “Qızıl top”un yekunlarına dair möhtəşəm cavabı ilə diqqət çəkib:
“Qızıl top”un qalibini təbrik edirəm, amma bu, artıq keçmişdir. Biz öz “Qızıl top”umuzu iyunun 1-də qazanmışıq – bu, Çempionlar Liqasıdır”.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 15 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 279 oyun, 91 qol, 82 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.