AZ

Qalibiyyət sevinci

Gündüz Bayramov,

YAP Samux rayon təşkilatının sədri

Məğlubiyyət acısına ancaq qalibiyyət sevinci məlhəm ola bilir. Ona görə də xalqımızın şanlı qələbəmizə bu qədər təşnə olması təbiidir. Cəsur oğullarımızın imzası ilə hərb tarixinə düşən, ümumxalq bayramına çevrilən 8 noyabr – Zəfər Günü artıq 4-cü ildir ki, ölkəmizin hər yerində  böyük təntənə ilə qeyd edilir.

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Prezident İlham Əliyev imzaladığı Sərəncamla Şuşanın erməni işğalından azad edildiyi günün - 8 noyabr tarixinin Qələbə münasibətilə hər il Zəfər Günü kimi qeyd olunacağını elan etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.   

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həllinə imkan yaratdı.

Xalqımız 30 il idi ki, Qarabağın azad olunması arzusu ilə yaşayırdı. Ona görə əsgər və zabitlərimiz o qədər ürəklə və həvəslə ölümü belə göz ardına alaraq torpaqlarımızın işğaldan azad olunmasına töhfə verməyə can atırdı. Bu barədə Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərimizin döyüşlərə “öldü var, döndü yoxdur” şüarı ilə getdiklərini vurğulayaraq deyib: “Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”.

Bu Zəfər yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsi deyildi. Bu, bütün Azərbaycan xalqının Qələbəsi idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğ”u, onun iradəsi, apardığı siyasət bizim məqsədimizə nail olmağımıza böyük təkan verdi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Təbii ki, şəhidsiz torpaq almaq qeyri-mümkündür. Ancaq biz, bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Təbii ki, elə bir xalqın oğlu, Ordusu da bu Zəfəri əldə etməli idi.

Dörd il əvvəl dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq meydanında 44 günlük şanlı Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər Paradını xüsusi qeyd etmək lazımdır. Düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız bu təntənəli paradda nümayiş etdirildi. Hərbi parad Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. 

Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin antiazərbaycan mövqeli xarici qüvvələrə ismarışlar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında Ali Baş Komandanın çıxışları dururdu.

Hazırda Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdədir. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin açılışı oldu, yeni layihələrə start verildi. XXI əsrin müharibəsini aparan Azərbaycan Şuşada, azad edilmiş digər ərazilərdə inanılmaz, möhtəşəm bərpa-quruculuq işləri görür. Xalqımız indi Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünü Qarabağda aparılan bu möhtəşəm bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. İnanırıq ki,  tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat  yenidən öz axarına düşəcək.

Azərbaycan heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Bu Zəfər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olundu. Allah şəhidlərimizə rəhmət eləsin!

Seçilən
36
1
yeniazerbaycan.com

2Mənbələr