AZ

Azad edilmiş torpaqlarımızın sevincinə şahidlik edən Azərbaycan Bayrağı

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Tarixi Zəfərimizin dördüncü ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan xalqı Qələbəni 30 il gözlədi. 2020-ci ilin 27 sentyabr tarixində  Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirdiyi təmas xəttini Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Şuşa şəhərini, 300-dək kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən  Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz təhvil verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi əməliyyatlar dövründə göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdi.

44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd edir: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.” Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi. Azərbaycan Ordusunun 44 gündə erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Bundan böyük xoşbəxtlik ola bilərmi? 30 illik işğal dövrünün dağıntıları hazırda bərpa-quruculuq işləri ilə əvəzlənib. Tarixi sahibinə qovuşan torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Soydaşlarımzın Böyük Qayıdış proqramının uğurlu icrası nəticəsində qayıtdığı ünvanların sıralaması genişlənir. Bu günlər Azərbaycan xalqı daha sevinclidir. Tarixi Zəfərimizin dörd illiyini, həmçinin 9 Noyabr-Dövlət Bayrağı Gününü möhtəşəm uğurlarla qeyd edirik. Hər bir bayram özündə mühüm çağırışları ifadə edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri  2020-ci ildə  reallığa çevrildi.

Dövlətimizin qətiyyəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz bərpa olundu, 30 illik torpaq həsrətinə son qoyuldu.  Tarixi Zəfərimizin təqdimatı olan Zəfər paradında bu torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətirildi. Bu an harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. 30 ildən sonra tarixi sahibinə qayıdan  torpaqlarımızın keçirdiyi hisslərə, sevincə şahidlik edən Azərbaycan Bayrağıdır. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilib. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilərək iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycanın Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Seçilən
11
4
yeniazerbaycan.com

5Mənbələr