AZ

"Biz çoxmillətlilik mədəniyyətinə hörmət edən xalqıq" - SOSİOLOQ FİKRİ

“Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasihüquqi qaynaqlarda, sənədlərdə yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eskperti Lalə Mehralı deyib.

Lalə Mehralı sözlərinə belə davam edib: “Tarix boyu Azərbaycan xalqının mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan tolerantlığa xüsusi dəyər verilib. Fərqli mədəniyyət və inancların nümayəndələri ilə birlikdə, eyni dövlətdə, eyni hökumətin nəzarətində tolerantlıq çərçivəsində həyatlarını harmoniya içində davam etdiriblər. Qədim Azərbaycan İslamı qəbul etdikdən sonra da tolerantlıq, bərabərlik, ədalət və insan sevgisi kimi təməl dəyərlərini İslam inanc və prinsipləri ilə qarışdırmış, öz tarixindəm müxtəlif mədəniyyət və adət-ənənələri bu bu inancla bütünləşdirib, özünəməxsus İslam təsviri və anlayışı yaradıb.

Həmçinin biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu.

Zənnimcə COP29 zamanı dünyanın 190 ölkəsindən olan qonaqlar burada özünü yad hiss etməyəcəklər, çünki biz çoxmillətlilik mədəniyyətinə hörmət edən xalqıq”.

Səbinə Hüseynli

Seçilən
208
sia.az

1Mənbələr