AZ

Qazaxıstanda çıxarılan 1500 məşhur universitetin sırasında Azərbaycandan bircə nümunə yoxdur...

Image

Kamran Əsədov: “Azərbaycan universitetlərinin xarici universitetlərlə əməkdaşlıq və elmi-tədqiqat proqramlarında iştirakının məhdudluğu problemdir”

Məlum olduğu kimi, Almatıda Asiya-Sakit Okean regionunda ali təhsil məsələlərinə həsr olunmuş  sammit keçirilib. Tədbir Qazaxıstanda ali təhsilin tərəqqisini və nailiyyətlərini simvolizə edən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilir. 

Tədbirdə iştirak etmək üçün Çin, Yaponiya, Malayziya, İndoneziya, Hindistan və s. kimi 16 ölkədən 350 universitet nümayəndəsi gəlib. Bu tədbir sürətlə inkişaf edən Asiya-Sakit Okean regionunda əmək bazarının formalaşmasında universitetlərin mərkəzi rolunu qeyd edir.

Maraqlıdır, sözügedən sammitdə Azərbaycan ali təhsil müəssisələri təmsil olunubmu? Ümumiyyətlə, Azərbaycan universitetləri bu cür sammitlərdə niyə iştirak etmir?

“Azərbaycan universitetlərinin bu kimi sammitlərdə iştirak etməməsi ölkənin beynəlxalq təhsil məkanında təmsilçiliyini zəiflədir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Almatıda keçirilən Asiya-Sakit Okean regionu ali təhsil məsələlərinə həsr olunmuş sammitdə dünyanın müxtəlif ölkələrindən 350-dən çox universitet nümayəndəsi bir araya gələrək əmək bazarında universitetlərin rolu, regional və beynəlxalq əməkdaşlıq imkanları kimi mövzuları müzakirə ediblər: “Bu tədbir ali təhsilin regional inkişaf və modernləşməsində əsas rol oynayır. Ancaq Azərbaycanın universitetlərinin belə tədbirlərdə niyə nadir hallarda təmsil olunması sual doğurur və bu, beynəlxalq imic məsələsində ciddi problemləri ortaya qoyur. Azərbaycan universitetlərinin bu kimi tədbirlərdən kənarda qalmasının bir neçə əsas səbəbi var. Əvvəla, Azərbaycan universitetləri beynəlxalq səviyyədə geniş tanınma, akademik reytinqlərdə yüksək mövqelər və ya elmi nailiyyətlər baxımından ciddi rəqabət qabiliyyətinə malik deyillər. Məsələn, Qafqaz regionundakı universitetlərin ümumi reytinqi nəzərə alındıqda, Azərbaycan universitetləri Qazaxıstan və Gürcüstanın əsas ali təhsil müəssisələrindən geri qalır. Bu da beynəlxalq tədbirlərə olan dəvətləri məhdudlaşdırır və ölkənin təhsil sisteminin qlobal arenada tanınmasına mane olur.  Azərbaycan universitetlərinin xarici universitetlərlə əməkdaşlıq və elmi-tədqiqat proqramlarında iştirakının məhdudluğu da başqa bir problemdir. Qazaxıstan, Çin və Hindistan universitetləri kimi beynəlxalq tədqiqat və innovasiya mərkəzləri ilə fəal əməkdaşlıq aparan ölkələrdəki ali təhsil müəssisələri qlobal təcrübə mübadiləsi və resurslardan istifadə imkanları ilə daha çox inkişaf edir. Azərbaycan universitetləri isə beynəlxalq fondlardan və qrantlardan az istifadə edir, bu da elmi potensialın inkişafına və dünyaya açılmasına maneə yaradır. Bundan başqa, Azərbaycan universitetlərinin beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı və şəffaflıq səviyyəsi də kifayət qədər aşağıdır. Əl-Farabi adına Qazax Milli Universiteti, məsələn, QS reytinqlərində yüksək mövqelərdədir və bu mövqe beynəlxalq tədbirlərdə ölkəni təmsil etmək üçün geniş imkanlar açır. Azərbaycan universitetləri isə çox vaxt reytinqlərdə geri qalır və ya dünya reytinqində yer almır. Bu da Azərbaycan universitetlərinin dünya miqyasında yetərincə tanınmasına mane olan faktorlardan biridir”.

Ekspert hesab edir ki, Azərbaycan universitetlərinin bu kimi sammitlərdə iştirak etməməsi ölkənin beynəlxalq təhsil məkanında təmsilçiliyini zəiflədir. Ali təhsil sahəsindəki islahatların gecikməsi və beynəlxalq standartlara uyğunlaşma səviyyəsinin aşağı olması Azərbaycan universitetlərinin beynəlxalq əmək bazarında məzunlarının rəqabət qabiliyyətini azaldır. Buna görə də, Azərbaycan universitetlərinin öz akademik proqramlarını yeniləməsi, xarici universitetlərlə geniş əməkdaşlıq qurması və beynəlxalq tədbirlərdə aktiv iştirakı zəruridir. Bu, həm beynəlxalq imici gücləndirər, həm də tələbələrin və elmi işçilərin dünyaya açılmasına şərait yaradardı.

Günel CƏLİLOVA





Seçilən
20
baki-xeber.com

1Mənbələr