Gündə bir dəfə qida qəbulu kifayətdirmi?
“Səhərlər meyvə ilə qəlyanaltı edirəm. Bütün günü oruc tutandan sonra ancaq axşam yeməyi yeyirəm. Bu rejim məni bu yaşa qədər formada və sağlam saxlayıb”.
Reyting.az xəbər verir ki, bunu məşhur amerikalı müğənni Brüs Sprinqstin deyib.
75 yaşlı müğənni normal qidalanmasa da, enerjilidir və gələn yaya qədər konsertləri var.
Məşhur müğənni enerjisinin sirrini gündə yalnız bir dəfə qida qəbulu ilə izah edir.
B. Sprinqstinin gündə yalnız bir dəfə yemək yediyini açıqlaması müzakirələrə səbəb olub. “New York Times” qəzeti də gündə bir dəfə yemək yeməyin kifayət edib-etmədiyini araşdırmağa başlayıb.
Mütəxəssis Karolina Apovian deyib ki, gündə yalnız bir dəfə yeməklə kifayətlənmək yaxşı deyil:
“Piylənmə xəstələrinə aralıq oruc tutmağı tövsiyə edirəm. Çünki aralıq oruc, kalorilərin hesablanması və bir çox qidaların kəsilməsini tələb edən pəhrizlərdən daha çox, nə yediyinizə nəzarət etməyin daha sadə üsuludur. Amma bütün günü ac qalsanız, çox yeyəcəksiniz. Bütün lazımi qida dəyərlərini bir anda əldə etmək də çətindir. İdeal olaraq, yalnız günəşin doğuşu ilə gün batması arasında yemək lazımdır. Bu da aralıq orucdur. Zülalla zəngin səhər yeməyi, meyvə-tərəvəzlər və bütün taxıllar olmalıdır. Sonra axşam saat 6-7-də yeməyi dayandırın və səhərə qədər heç nə yeməyin”.
Tufts Universitetindən professor Alice Lixtenstein isə bildirib ki, pəhriz saxlamaq üçün hər kəsə uyğun bir formula mövcud deyil:
“İnsanların necə yeməli olduğuna dair vahid sistem yoxdur. Hər kəsin quruluşu fərqlidir və bu səbəbdən də fərqli proqrama ehtiyacı var. Əgər kimsə səhər 7-dən axşam 5-ə qədər yemək yeyərək inkişaf edə bilirsə, bu, əladır. Ancaq bu, çoxları üçün mümkün deyil”.
Con Hopkins Universiteti Tibb fakültəsinin nevrologiya üzrə dosenti Mark Mattson da izlədiyi fasiləli oruc rejimini tövsiyə edir:
“Aralıq oruc qan şəkərini tənzimləyir, bədəndəki iltihabı azaldır və stressin öhdəsindən gəlməyə kömək edən hüceyrə proseslərini aktivləşdirir. Gündə üç dəfə yemək və qəlyanaltılar insanın təkamülü ilə uyğun gəlmir. Genlərimiz ac olsaq belə, uzun müddət fəaliyyət göstərə bilir”.
V. QULİYEV