Vilnüs Kiyevlə hərbi əməkdaşlıq çərçivəsində silah istehsalı üzrə birgə müəssisə yaratmaq və Litvada Ukrayna texnoloji xətlərini qurmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurinas Kasçyunas jurnalistlərə açıqlamasında deyib.
"Palyanitsa" uzaqmənzilli raket-dronları kimi sistemlərin istehsalının Litvada təşkili üçün birgə müəssisənin yaradılmasını modelləşdiririk. Digər imkanlar da nəzərdən keçirilir", - o bildirib.
Nazir qeyd edib ki, söhbət zavodların inşasından getmir.
"İdeya Ukraynadan istehsal xətlərinin Litvaya, artıq fəaliyyət göstərən müəssisələrə köçürülməsindən ibarətdir", - L.Kasçyunas qeyd edib.
Xatırladaq ki, sentyabrda Vilnüs "Palyanitsa" da daxil olmaqla, Ukraynanın uzaqmənzilli silahlarının inkişafına 10 milyon avro sərmayə qoymaq planını təsdiqləyib.