Tovuzda yerli komanda ilə “Qarabağ” arasında baş tutan oyundan qol səsi çıxmasa da, bölgədəki ab-hava zövq verdi.
Rəqibin ölkənin ən sayılıb-seçilən komanda olması ucqar kəndlərdə yaşayan tovuzluları belə, stadionun yolunu tutmağa məcbur etmişdi.
Hələ oyundan 15 dəqiqə əvvəl mərkəzi tribunalarda boş yer tapmaq müşkül məsələ idisə, hakimin start fitindən sonra digər biletlilərin gəlməsi və hissənin sonlarına yaxın qapıların hər kəsin üzünə açılması stadionun tam dolması ilə nəticələndi.
Təxminən 6 min azarkeş tutumu olan stadionda 7 min nəfərdən çox adam olardı ki, az olmazdı. Sektorlararası pilləkənləri zəbt edənlərlə ən üst hissədə ayaq üstə dayananlar çoxluq yaratmışdı.
Rəqib “Qarabağ” olsa da, yerli futbolsevərlər zaman-zaman qonaq komandanı fitə basır, ayrı-ayrı futbolçulara uğultu səsi ilə təzyiq göstərməyə çalışırdılar.
Sanki “Turan Tovuz” Azərbaycanın fəxri sayılan komandayla yox, Avropa təmsilçisi ilə üz-üzə gəlirdi.
Yəni onlar üçün rəqibin kimliyi önəm daşımır. Önəmli olan “Turan”ın uğura çatmasıdır. Əsl mərkəzi oyunun adına yaraşan ab-hava idi.
Oyun başa çatandan sonra hər iki komandanın nəticədən məmnun qaldığı hiss olunurdu.
Meydan sahibləri güclü rəqibindən 1 xal qoparmışdısa, ağdamlıların süni örtükdə və inanılmaz azarkeş dəstəyinin qarşısında uduzmadığına görə xoşbəxt görünməsi anlaşılan idi.
Stadiona gələnlərin böyük əksəriyyətinin arzusu bir idi – “Qarabağ”ın futbolçularını yaxından görmək, onlarla şəkil çəkdirmək, imkan daxilində futbolkalarına sahib olmaq.
Elə buna görə də matçdan dərhal sonra “köhlən atlar”ın avtobusunun həndəvərində qələbəlik idi.
Tovuzun polis rəisinin göstərişi ilə “Qarabağ”a rahatlığın yaradılması üçün ərazi qısa müddətdə boşaldıldı və qonaqların komfortu təmin olundu.
Ancaq aralarında bir-iki fərasətli bəzi futbolçularla şəkil çəkdirməyə imkan tapdı. Necə deyərlər, bacarana can qurban.
HƏBİB, Bakı-Tovuz, Bakı
SPORTİNFO.AZ