AZ

Zəfər günü ərəfəsində bir sıra QHT rəhbərləri ilə görüş keçirilib

Noyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələri, müharibə veteranları ilə işləyən, hərbiyönümlü istiqamət üzrə fəaliyyət göstərən bir sıra QHT-lərin rəhbərləri, ekspertlər və blogerlərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyanın, Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul şəxsləri də iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov bildirib ki, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bu görüş Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasına uyğun olaraq keçirilir. General-mayor M.Məmmədov bu Strategiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Baş İdarə rəisi deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbə tariximizə qızıl hərflərlə həkk olub.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bu formatda görüşün, birbaşa müzakirələrin təşkilinin mühüm əhəmiyyət daşıdığını bildirib, müvafiq gözləntiləri diqqətə çatdırıb.
Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri QHT-lərin, ekspertlərin və blogerlərin suallarını cavablandırıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb.
Müzakirələrdə xüsusi vurğulanıb ki, bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət-xalq-ordu birliyi möhkəmdir və sarsılmazdır, tarixi Zəfər Azərbaycanı yeni inkişaf müstəvisinə qaldırıb.
Analoji görüşlər davam etdiriləcək.

Seçilən
26
7
operativmedia.az

8Mənbələr