AZ

Romao Şahruddin olmaq istəmirsə...

Hələ də Şahruddin Məhəmmədəliyevi "Qarabağ" tarixinin ən yaxşı qapıçılarından biri hesab edirəm. Kiperin Ağdam klubunun uğurlarında əməyi az olmayıb.

Amma "Qarabağ"dan ayrılanda əksəriyyət toya-bayram edirdi ki, "hazır bomba"dan canımız qurtuldu.

Boşuna deyildi, adam inanılmaz seyvlər ilə yadda qalırdı. Amma heç kimin ağlına gəlməyəcək yerdə də komandanın belini yerə vururdu. Qeyri-sabitliyi ictimaiyyəti də onun barədə fikirlərdə avara qoymuşdu. Yekunda gedişi heç kimi üzmədi.

Yenidən qayıdıb, amma uzun müddətdir zədəsi ilə məşğuldur. Azarkeşlər onun durumundan məmnundu, narahat deyil. Təki meydanda gözə dəyməsin. Yəni bu qədər cana doyublar.

Deyəsən, dağıstanlı qapıçının taleyini indi də braziliyalı Julio Romao yaşayır. "6 nömrə" təmsilçimizin bugünkü gündə vazkeçilməz 3-5 simasından biridir. Meydanda iş əmsalı yüksəkdir. Xüsusilə müdafiə fazasında. Özəlliyi də yalnız rəqibin təhlükəli hücumlarının qarşısını almaq yox, həm də müdafiə olunmaqla paralel hücuma keçidləri yoldaşlarının işini bir xeyli asanlaşdırmış olur.

Elə "Ayaks"la oyunda da bu istəyin qurbanına çevrildi. Sonuncu oyunçudur, topu kənara da vura bilər, qapıçıya da ötürə bilər. Epizoda görə təyin olunan vəzifəsi budur.

Amma ən çətin və daha çox fayda verə biləcəyi variantı - topu qəbul edib, hücum dalğasını davam etdirməyi düşünür.

Vəzifəsindən artığını etmək eşqinə düşür.

Bu cür düşüncə isə bəzən ciddi fəsadlara yol açır.

Və tədricən bu hal adiləşməyə başlayır.

"Ayaks"la matçda olduğu kimi, "Tottenhem"lə səfər oyununda Romaonun səhvi oyunun nəticəsinə birbaşa təsir etmişdi.

Yoldaşları da onun bənzər səhvlərini az sığortalamayıb.

Gedişat Romaonun timsalında "Qarabağ"da ikinci "şah"ın formalaşdığından xəbər verir.

Birincinin aqibəti Julio Romaoya məlumdur.

İkinci olmaq istəmirsə, özünə çəkin-düzən verməli, oxşar səhvlərdən qaçmağın yollarını tapmalıdır.

Əks halda, bu klubun tarixində heç də xoş anılarla qalmayacaq.

XANOĞLAN İMANOV

Seçilən
30
sportinfo.az

1Mənbələr