Firdovsi Şahbazov: “Vətəndaşın ödədiyi vəsaitin 40 faizə qədərinin faizlərə çıxılması qanun pozuntusudur”
İstehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məlum olub ki, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa onun təxminən 120 manatı məhz faiz ödənişidir.
Həmçinin kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar. Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə bəlli olur ki, əvvəlki ödənişlərinin xeyili hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu isə o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman məlum olur ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb.
Bütün bunlar banklar tərəfindən müştərilərin əməlli-başlı aldadılıb soyulması deməkdir.
“Hesab edirəm ki, bankların belə qanunsuz, soyğunçu mövqedən çıxış etməsinin iki səbəbi var”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, bankların belə kredit siyasəti nəinki soyğunçuluq, hətta dələduzluqdur: “Həqiqətən də istehlakçılar kredit faizlərindən “qan ağlayır”. Əvvəllər verilən kreditlərdən yüksək komisyon haqq tutulurdusa, indi əsasən faizlərlə əhalini soyurlar. Kredit götürən vaxtından əvvəl krediti qaytarırsa, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədərinin faizlərə çıxılması qanun pozuntusudur. Əgər buna görə də böyük həcmdə birdəfəlik faiz tutulursa, o zaman krediti vaxtından əvvəl bağlamağa nə ehtiyac var? Vətəndaş bunu tez ödəyirsə, deməli kredit faizlərindən xilas olmaq istəyir. Hesab edirəm ki, bankların belə qanunsuz, soyğunçu mövqedən çıxış etməsinin iki səbəbi var. Birincisi cəzasızlıqdır. Əgər banklar buna görə sərt cəzalansa, yəni cərimə edilsələr, belə fırıldaqlara əl atmazlar. Əfsuslar olsun ki, buna görə bankları cəzalandıran yoxdur. Çünki kommersiya banklarını müxtəlif məmurlar himayə edir. İkincisi, mövcud inhisarçılıq aradan qaldırılsa, xarici kreditorların ölkəyə buraxılışı təmin edilsə, ucuz kredit resurslarına çıxış olsa, bunların heç biri olmayacaq. Nə kredit faizləri yüksək olacaq, nə də banklar istehlak kreditləri verərkən camaatın başına bu oyunları aça bilməcək. Nə qədər ki, bunlar öz həllini tapmayıb, problem belə də qalacaq. Hətta kredit bazarında vəziyyət daha da pis ola bilər”.
Vidadi ORDAHALLI