Moskvada Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının növbəti tərəfləri konfransı-COP29-a həsr olunmuş forum işə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) keçirilən forumun birinci günündə iqlim dəyişikliyinin qlobal problemləri və iqlim dəyişikliyi şəraitində biomüxtəlifliyin qorunması mövzusu müzakirə olunub.
Forum iştirakçıları tərəfindən iqlim mövzularına dair çoxtərəfli danışıqlar modeli hazırlanıb.
Forumda çıxış edən “MQİMO”-nun Beynəlxalq Ticarət və Dayanıqlı İnkişaf İnstitutunun direktoru Vladimir Salamatov bildirib ki, forumda Bakıda keçiriləcək COP29 konfransı modelləşdirilir: “BMT müxtəlif mövzularda müzakirələrin aparıldığı bir çox platformaya malik beynəlxalq təşkilatdır. Biz bu forumda iqlimin qorunması mövzusuna toxunuruq. Bir neçə gün sonra Bakıda, COP29-da müzakirə olunacaq mövzuları modelləşdiririk, harada ki, iqlimin necə qorunub saxlanması, buna yönəlmiş layihələrin davamlı maliyyələşdirilməsinin necə həyata keçirilməsi müzakirə olunacaq. Bu gün burada təkcə “MQİMO”-nun deyil, müxtəlif universitetlərin nümayəndələri toplaşıbıar, onlar COP29 iclasının gündəliyində duran məsələləri müzakirə etməyi və öz mövqelərini ifadə etməyi qarşılarına məqsəd qoyublar. Bu, diskussiya platformasıdır. İştirakçılardan hər biri konkret dövlət adından müəyyən mövqe bildirir: o, vəziyyəti necə görür, dövlət ümumi gündəmdə hansı maraqları güdür və hansı mövqedən çıxış edəcək”.
Salamatov qeyd edib ki, forumdakı müzakirələrin nəticəsi COP29-un təşkilatçısı və platforması olacaq Azərbaycan tərəfinə təqdim edəcəyimiz sənəd olacaq. “Bu müzakirə çərçivəsində müxtəlif universitetlərdən olan tələbələrin formalaşdırdıqları mövqeyi ifadə etmək üçün bu sənədi həm də Rusiya Xarici İşlər Nazirliyinə təqdim edəcəyik”.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Sergey Kononuçenko isə çıxışında BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası- Paris razılaşmasının bütün tərəflərinin bir neçə gün sonra Bakıda görüşmək üçün fəal hazırlaşdıqlarını bildirib. “Bu, başlıca məsələdir. Əlbəttə ki, əsas müzakirə mövzusu iqlim maliyyələşdirilçəsi olacaq. Bu məsələdə yekun qərarın necə olacağı ilə bağlı hələ də fikirayrılıqları mövcuddur. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Paris razılaşmasına müvafiq olaraq bu məsələ ilə bağlı maliyyə öhdəliyini, iqlim fəaliyyətinin, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsini ənənəvi donorlar, inkişaf etmiş ölkələr həyata keçirməlidir. Paris razılaşmasının tərəfləri olan başqa heç bir dövlət bu məsələ ilə bağlı maliyyə öhdəliyi daşımır. Qərb ölkələri təbii ki, iqlim maliyyələşdirilməsi öhdəliyi daşıyan dövlətlərin dairəsini genişləndirməyə səy göstərirlər. Onlar bu məqsədlə “istixana qazları buraxan nəhənglər” və “iqtisadiyyati dinamik inkişaf edən ölkələr” terminlərini yeritməyə çalışırlar. Əlbəttə ki, Azərbaycan da iqtisadiyyatı dinamik inkişaf edən ölkələrə aiddir. Rusiya Azərbaycanla bu məsələdə həmfikirdir. Ona görə də, birlikdə Paris razılaşmasına riayət edilməsində təkid edəcəyik. Çalışacağıq ki, Bakıdakı konfransın yekununda inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi ilə bağlı öhdəlikləri ikili məna daşımasın, həm də iqlim dəyişikliyi üzrə mübarizənin maliyyələşməsinə ayrılan vəsaitin həcmi artırılsın. Çünki indiyə qədər ayrılan vəsait, hansı ki, bu 100 milyard dollar təşkil edir, çox azdır. Mən, fürsətdən istifadə edib COP-29-un Azərbaycan sədrliyinə uğurlar arzulayıram. COP29-un, Azərbaycanın möhtəşəm paytaxtında, hansı ki, son ilyarım ərzində üç dəfə olmuşam, bu həftə sonu da məmuniyyətlə gedəcəm, uğurlu keçməsi üçün birgə səy göstərəcəyik”, deyə rusiyalı diplomat vurğulayıb.
“MQİMO”-nun Enerji siyasiəti və diplomatiya Beynəlxalq İnstitunun direktor müavini İqbal Quliyev çıxışında bildirib ki, universitetin azərbaycanlı gənclərinin təşəbbüsü ilə belə miqyaslı tədbirin- PreCOP-un, Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının modelləşdirilməsinin təşkil edilməsi çox vacib hadisədir: “MQİMO-nun bu cür tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var. Bizim universitetdə buna kimi BMT, OPEC və digər beynəlxalq təşkilatların konfranslarının modelləşdirilməsi ilə bağlı tədbirlər keçirilib. Əlbəttə ki, COP-la bağlı bu tədbir bizim üçün yeniilikdir. Düşünürəm ki, MQİMO bu ənənəni davam etdirəcək. Onu da nəzərinə çatdırım ki, bu forumun yekunları ilə bağlı tövsiyyələr hazırlanacaq və bu tövsiyyələr Azərbaycanda keçiriləcək COP29-un katibliyinə təqdim ediləcək”.
Forumun ikinci günü iqlim dəyişikliyi ilə mübarizədə biznesin rolu ilə bağlı müzakirələr olacaq. Noyabrın 7-də isə tövsiyələrin və digər yekun sənədlərin təqdimatı planlaşdırılır.
Üç gün davam edəcək forumun iştirakçıları beynəlxalq danışıqlar formatında diplomatiya və ictimai nitq bacarıqlarını inkişaf etdirəcək, qlobal ictimaiyyətin üzləşdiyi real ekoloji problemlər üzərində işləmək təcrübəsi qazanacaq, müzakirələr və konsensus əsasında analitik sənədlər, tövsiyələr və qətnamələr yazmağı öyrənəcək, ekologiya və davamlılıq sahəsində peşəkar ekspertlərlə işləyəcək, dəyərli bilik və məsləhətlər əldə edəcəklər.