Rusiya Qərb ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliyi daşıyan dövlətlərin siyahısını genişləndirməsi cəhdlərinə qarşıdır.
Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Sergey Kononuçenko bildirib.
Rusiyalı diplomat BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası-Paris razılaşmasının bütün tərəflərinin bir neçə gün sonra Bakıda görüşmək üçün fəal hazırlaşdıqlarını söyləyib.
“Əlbəttə ki, COP-29-un əsas müzakirə mövzusu iqlim maliyyələşdirilməsi olacaq. Bu məsələdə yekun qərarın necə olacağı ilə bağlı hələ də fikirayrılıqları mövcuddur. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Paris razılaşmasına müvafiq olaraq bu məsələ ilə bağlı maliyyə öhdəliyini, iqlim fəaliyyətinin, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsini ənənəvi donorlar, inkişaf etmiş ölkələr həyata keçirməlidir. Paris razılaşmasının tərəfləri olan başqa heç bir dövlət bu məsələ ilə bağlı maliyyə öhdəliyi daşımır. Qərb ölkələri təbii ki, iqlim maliyyələşdirilməsi öhdəliyi daşıyan dövlətlərin dairəsini genişləndirməyə səy göstərirlər. Onlar bu məqsədlə “istixana qazları buraxan nəhənglər” və “iqtisadiyyati dinamik inkişaf edən ölkələr” terminlərini yeritməyə çalışırlar. Əlbəttə ki, Azərbaycan da iqtisadiyyatı dinamik inkişaf edən ölkələrə aiddir. Rusiya Azərbaycanla bu məsələdə həmfikirdir. Ona görə də, birlikdə Paris razılaşmasına riayət edilməsində təkid edəcəyik. Çalışacağıq ki, Bakıdakı konfransın yekununda inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi ilə bağlı öhdəlikləri ikili məna daşımasın, həm də iqlim dəyişikliyi üzrə mübarizənin maliyyələşməsinə ayrılan vəsaitin həcmi artırılsın. Çünki indiyə qədər ayrılan vəsait, hansı ki, bu 100 milyard dollar təşkil edir, çox azdır”, - deyə diplomat bildirib.
Kononuçenko COP29-un Azərbaycan sədrliyinə uğurlar arzulayıb: "COP29-un Azərbaycanın möhtəşəm paytaxtında, hansı ki, son ilyarım ərzində üç dəfə olmuşam, bu həftə sonu da məmuniyyətlə gedəcəm, uğurlu keçməsi üçün birgə səy göstərəcəyik".