AZ

"Avropaya qaz ixracatında artımlar gözlənilən idi" – professor Elşad Məmmədov

Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb.  Artımın əsas səbəbləri nələrdir? Azərbaycanda qaz hasilatını artırmaq üçün yeni investisiya və ya texnoloji layihələr varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov QHT.az-a özəl açıqlamasında bildirib ki, Azərbaycandan Avropaya qaz ixracatında müşahidə olunan artımlar gözlənilən bir proses idi. Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatının artırılması ölkənin enerji bazarında daha fəal iştirakını təmin etməklə yanaşı, Avropada alternativ qaz mənbələrinə ehtiyacın artması səbəbindən ixracat həcmlərinin yüksəlməsinə də şərait yaradır. Avropanın Rusiya ilə olan münasibətlərində yaranan problemlər və qaz istehlakında müşahidə olunan dəyişikliklər bu ehtiyacı daha da aktuallaşdırır.

Professor əlavə edib ki, ölkədaxili tələbin də artması diqqət mərkəzində saxlanılmalıdır. O, demoqrafik artım və sənayeləşmə ilə bağlı Azərbaycanın daxili qaz tələbinin yüksəldiyini vurğulayıb. Bu tələbatın qarşılanması və emal sektorunun inkişafı ölkənin daxili bazarı və sənaye inkişafı üçün vacib prioritetlərdir. Bu baxımdan, qaz hasilatının artırılması və ixrac potensialının yüksəldilməsi ilə yanaşı, ölkə daxilində emal sənayesinin inkişafı da strateji əhəmiyyət kəsb edir: "Düşünürəm ki, proqnozlarımız bunu deməyə əsas verir ki, ölkəmizdə qaz hasilatının artırılması prosesi yaxın müddətli perspektivdə davam edəcək. Eyni zamanda, şübhəsiz ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi, emal sektorunun inkişafı kimi məsələlərə prioritet yanaşaraq ölkə iqtisadiyyatının texnoloji tutumluluğunu, rəqabətqabiliyyətliliyini, sistemli şəkildə və kompleksli şəkildə artırmalıyıq".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
qht.az

1Mənbələr