Makronun daxili və xarici siyasətdə don kixotluğu Yelisey Sarayının nüfuzunu kəskin şəkildə aşağı salıb, ölkəni qarşıdurmalar səhnəsinə çevirib
Fransa böyük tarixi olan bir ölkədir. Burada zaman-zaman baş verən inqilablar sayəsində dünya üçün yeni bir başlanğıc açılıb, demokratiya, hüquq bərabərliyi, insan və vətəndaş azadlığı ilə bağlı çoxlu sayda ilklərə imza atılıb. Ancaq hazırda prezident Emmanuel Makronun idarəçiliyi dönəmində Fransanın yenilikçi ənənələrindən əsər-əlamət yoxdur, ölkə bütün sahələrdə sürətlə geriyə dönüş edir. Cəmiyyətdə mənəvi deqradasiya yaşanır, ölkə iqtisadi geriləmə, xarici borcun ümumi daxili məhsulu getdikcə daha çox dərəcə üstələməsi, sosial bərabərsizliyin artması zolağına düşüb və buradan çıxa bilmir. Bir sözlə, Fransa Makronun idarəçiliyi dönəmində tarixinin ən çətin illərini yaşayır. Buna səbəb də E.Makronun daxili və xarici siyasətdə sərgilədiyi don kixotluğudur. O, proqnozlaşdırıla bilinməyən, ölkənin potensialı və reallıqları fövqündə dayanan bir yelbeyin siyasət aparır ki, bu da cəmiyyət üçün, dövlət üçün arzuolunmaz bəlli nəticələrə gətirib çıxarır.
Emanuelin quyunun dibinə düşən reytinqi
2017-ci ildə populist vədlərlə və bir sıra dairələrin layihəsi qismində Yelisey Sarayının sahibinə çevrilən E.Makronun reytinqi antirekord həddə enərək quyunun dibinə düşüb. Bu barədə məlumat “Verian-Epoka” tədqiqat mərkəzinin “Figaro” nəşri üçün apardığı araşdırmanın nəticələrində əksini tapıb.
Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.
Sağçı “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüb.
Fransa liderinin təmsil olunduğu partiyada fəalların sayı il ərzində təxminən dörd dəfə azalaraq 35 mindən 8,5 minə düşüb. Növbədənkənar parlament seçkilərindən sonrakı bir ay ərzində isə Makronun siyasəti ilə razılaşmayan dörd deputat prezident fraksiyasını tərk edib.
Qeyd edək ki, bir müddət öncə, E.Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib. Bu, əslində, Makron tərəfindən ölkə qanunvericiliyinin pozulması və hakimiyyətin zorla qəsb edilməsi anlamına gəlir. Belədə sual yaranır: Makron haqqı çatmadığı postunu nə üçün tərk etmir? Sualın cavabı bəllidir: O, şəxsi iradəsini qanunvericiliyin fövqündə qoyur və ölkənin, xalqın aşıb-daşan problemlərini vecinə almır, biganəlik göstərir, özünü heç nəyi görməyən və heç nəyi eşitməyən birisi kimi aparır.
Notr-Dam: Makron-kilsə ixtilafları...
Prezident Makrona nifrət, onun siyasətindən narazılıq Fransanın istisnasız olaraq bütün regionlarında və cəmiyyətin bütün təbəqələrində özünü kəskin şəkildə biruzə verir. İctimai görüşlərdə dövlət başçısının sifətinə şapalaq vurulması, lax yumurta atəşinə tutulması, ünvanına təhqiramiz ifadələr söylənilməsi bunun əyani təzahürüdür. İndiyədək Makron çoxbilmişlik edərək cəmiyyətin inanclı kəsimini özünə dayaq sandığına dair mesajlar verirdi. Ancaq Makronun bu hiyləsi də baş tutmayıb. Belə ki, artıq dini kəsim də onun yanında yer almadığını bildirir. Uzun sürən təmir-bərpadan sonra açılışına hazırlıq görülən Notr-Dam kilsəsi ətrafında yaşanan qalmaqal Makron-kilsə ixtilaflarının dərin kök atmasından xəbər verir. Qətiyyətlə deyə bilərik ki, Makron dini kəsimi hakimiyyəti üçün dayaq hesab etməkdə böyük yanlışlığa yol verib. Reallıq odur ki, cəmiyyətin digər təbəqələri kimi, inanclı insanlar da yarıtmaz prezidentdən üz döndəriblər. Beləliklə, Fransanın simvollarından biri kimi qəbul edilmiş Notr-Damla bağlı nə baş verir?
İndiyədək gizli şəkildə yaşanan Makron-kilsə ixtilafları dövlət başçısının tarixi dini abidənin açılış tədbirində çıxış etmək niyyəti bəlli olduqdan sonra açıq müstəviyə keçib. Belə ki, prezidentin Notr-Dam kilsəsində çıxış etmək qərarı etirazlarla qarşılanıb və sərt tənqidlərə tuş gəlib.
RFI radiosunun məlumatına görə, Paris arxiyepiskopu Loran Ulrix “bu, dünyəvi dövlətin lideri üçün qeyri-adi addımdır” deyib. O, açılış mərasimində lentin kəsilə biləcəyini əlavə edib və prezidentin kilsənin qarşısında deyil, məhz içəridə salamlama nitqi söyləyəcəyini vurğulayıb. Mərasimdə, həmçinin yanğın zamanı tozdan zərər çəkmiş, “tam sökülərək təmizlənmiş və işlək vəziyyətə gətirilmiş” məşhur kilsə orqanı musiqisi səslənəcək.
Dekabrın 7-də kilsənin açılışı münasibətilə prezidentin çıxış qərarı bəzi din xadimlərinin narazılığına səbəb olub. Fransız ictimaiyyətinin nümayəndələri sosial şəbəkələrdə bununla bağlı etirazlarını bildiriblər və indiki dövlət başçısına qədər bu məbəddə heç bir siyasi xadimin çıxış etmədiyini vurğulayıblar.
General Şarl de Qollun nəvəsi Pyer de Qoll “X” sosial şəbəkəsində bildirib ki, “Fransa kralları da daxil olmaqla heç kim müqəddəs məbədə müdaxilə etməyə cəsarət göstərməyib - nə Allaha, nə Fransaya, nə də öz xalqına inanmayan bir insandan başqa”.
“Narkomanlar hökuməti”
Makronun idarəçiliyi dönəmində Fransada narkomanlıq heç vaxt olmadığı qədər geniş intişar tapıb. Hətta vəziyyət o dərəcədə kritikdir ki, Makronun qanunvericiliyi pozmaqla Baş nazir təyin etdiyi M.Barnyenin qurduğu kabinetin ünvanına “narkomanlar hökuməti” kimi ağır ittihamlar səsləndirilir. Narkotik məsələsini ekoloq-senator Melani Vogel qaldırıb. “Nazirlərin, deputatların, senatorların, bələdiyyə başçılarının qan testini aparacağıq, Brüno Rötayo (daxili işlər naziri) narkotik istehlakının onun hökumətində də olduğunu aşkar edəcək”, - deyə M.Vogel BFM televiziyasında deyib.
Bu gün kokainə alternativ kimi hesab olunan “3-MMC” Fransada getdikcə daha çox istehlak edilən və ucuz narkotikdir. O cümlədən ölkədə narkomanlıq zəminində iğtişaşların artması müşahidə edilir. Məsələn, Puatye şəhərində yüzlərlə insanın iştirakı ilə kütləvi dava yaşanıb, yaralananlar var. Fransa daxili işlər naziri Brüno Rötayo hadisədən dərhal sonra atışmanın narkotik alveri ilə bağlı olduğunu bildirib. Bu açıqlama ilə daxili işlər naziri əslində ölkənin acınacaqlı durumuna, necə deyərlər, öz möhrünü vurub: İndi Makron Fransasına açıq silahlı narkotik hesablaşmaları da əlavə olunub. Yarıtmaz siyasət nəticəsində Fransa narkotik alverçiləri üçün tranzit ölkəyə çevrilir. Təkcə 2024-cü ilin aprelində Le Boulou rayonunda soyuducu yük maşınlarından birində gömrük işçiləri 770 kq kannabis tozu aşkar ediblər. Qaçaqmalın qeyri-qanuni bazardakı məbləği 5,5 milyon avrodan çox qiymətləndirilib.
“The Times” ın Fransa polisindən əldə etdiyi məlumata görə, “Paris yeni Marsel olur”, çünki “yeni bandalar bəzi ətraf rayonlarda narkobiznesi ələ keçirməyə çalışırlar, həbsdən azad edilmiş bir sıra banda liderləri öz ərazilərində rəqib narkotik alverçiləri aşkar ediblər”.
“Qisas” müstəmləkə ölkələrindən alınır
Bu gün ayrı-ayrı müstəmləkə ölkələrində “Rədd ol, Fransa!” şüarı getdikcə daha tez-tez və daha ucadan eşidilir. Bu da onun nəticəsidir ki, Makron daxili siyasətdəki uğursuzluqların qisasını bir növ müstəmləkə ərazilərinin aborigen sakinlərindən almağa çalışır. Sanki Fransanın bütün uğursuzluqlarının baiskarları müstəmləkə ölkələridir. Makron iqtidarı konkret olaraq Martinikada, Qvadelupada, Yeni Kaledoniyada terror törətməkdən, yerli xalqların milli kimliyinə hücum etməkdən çəkinmir. Dinc etirazçılara təzyiq göstərilməsi, əlavə hərbiləşdirilmiş qüvvələr cəlb olunması, komendant saatının tətbiqi, elektrik enerjisinin dayandırılması Martinikada, Yeni Kaledoniyada uzun sürən kütləvi etirazlara səbəb olub. Yeni Kaledoniyada etirazlar bədnam “konstitusiya islahatları” zəminində başlayıb. Martinika sakinləri isə ərzaq məhsullarının yüksək qiymətləri ilə üzləşirlər. Eyni zamanda, orta gəlir xeyli aşağıdır. Ada əhalisinin təxminən 30 faizi yoxsulluq həddindən aşağı yaşayır ki, bu da Fransanın Avropa hissəsindəki göstəricidən iki dəfə çoxdur. Martinika və Qvadelupa sakinləri müstəmləkə keçmişinin nəticələrini dərk edir və həyat qiymətlərinin yüksək olmasına qarşı fəal mübarizə aparırlar.
Mübariz ABDULLAYEV